"ATƏT və həmsədr dövlətlər Ermənistanı atəşkəsi pozduğuna görə cəzalandırmır" - AÇIQLAMA
- Yeganə
- Oct 12, 2020
- 1 min read
“Humanitar atəşkəsi pozaraq Gəncədə mülki əhalini raket atəşinə tutması ermənilərin azərbaycanlılara qarşı növbəti terror aktıdır”.

Bunu açıqlamasında deputat İqbal Məmmədov bildirib.
O, qeyd edib ki, oktyabrın 9-da 11 saat çəkən Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirlərinin görüşündən sonra oktyabrın 10-u saat 12-də humanitar atəşkəs elan edilib, lakin Ermənistan yenə də atəşkəsi pozaraq mülki insanları və obyektləri hədəf alaraq oktyabrın 11-də gecə saat 2-də Gəncə və Mingəçeviri raket atəşinə tutub:
“Nəticədə Gəncədə 9 nəfər öldü, 34 nəfər yaralandı. Yaralananların 3-ü azyaşlı uşaqdır. Ermənilərin Gəncədə törətdiyi vandalizm aktı onların insan keyfiyyətlərindən məhrum olan varlıqlar olduqlarını sübut edir. Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan bütün beynəlxalq hüquq normalarının prinsiplərini və qəbul edilmiş konvensiyaları ayaqlar altınaataraq humanitar atəşkəsi kobudcasına pozur. Təəssüf ki, ermənilərin bu vəhşiliyi beynəlxalq təşkilatlar və onun himayədarları tərəfindən qınanılmadı. Hər gün atəşkəs deyə-deyə ortalıqda gəzən ATƏT və həmsədr dövlətlər hardadır? Niyə Ermənistanı qəbul edilmiş atəşkəsi pozduğuna görə cəzalandırmırlar və ona qarşı sanksiya tətbiq etmirlər? Bu, bir daha onların Dağlıq Qarabağ münaqişəsinə ikili münasibət bəslədiyinin sübutudur”.
Deputat vurğulayıb ki, Azərbaycan ordusunun qarşısında ağır məğlubiyyətə uğrayan ermənilər əliyalın insanlara atəş açaraq vətəndaşlarımızı çaşdırmaq və döyüş əzmini azaltmaq istəyir:
“Unudurlar ki, dövlətimiz 90-ci illərin əvvəllərində olduğu kimi zəif və sahibsiz deyil. Bu gün Azərbaycanın cənab İlham Əliyev kimi Ali Baş Komandanı və dövlət başçısı var. Dünyanın 50 güclü ordusu sırasında yer alan Azərbaycan ordusu sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları ilə düşməni darmadağın edərək geri çəkilməyə məcbur etdi. Bu gün də düşmənə layiqli cavab verilir, ağır hərbi texnikası, silah-sürsatı məhv edilir. Düşmən bütün törətdiyi təxribatların cavabını çox ağır şəkildə alacaq. İnanıram ki, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə tezliklə düşmən üzərində möhtəşəm qələbə qazanaraq üç rəngli bayrağımızı işğaldan azad olunmuş bütün torpaqlarımızda dalğalandıracağıq”.
Comments