Azərbaycanda orqanları dəyişənlərin bəziləri koronavirusa yoluxub öldü - STATİSTİKA
- Yeganə
- Feb 1, 2021
- 2 min read

“Bütün dünyanı ağuşuna alan koronavirus pandemiyası təbii olaraq bizim ölkəmizdən də yan keçmədi. Bunun nəticələri, fəsadları, virusla aparılan mübarizə hamımıza məlumdur. Təəssüf ki, 2020-ci ildə Mərkəzimiz də koronavirusdan öz nəsibini aldı”. Bunu açıqlamasında Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi koronavirusun orqan transplantasiyasına təsirləri, icra olunan əməliyyatlar barədə danışarkən bildirib. Cərrah deyib ki, pandemiya ilə əlaqədar olaraq, qaraciyər və böyrək çatışmazlığından, orqan yetməzliyindən əziyyət çəkən xəstələrin bir çoxu koronavirusa yoluxub: “Hətta onlar arasında virusa təslim olub dünyasını dəyişən xəstələrimiz də oldu. Bu xəstələrimizin əksəriyyəti əməliyyataqədərki hemodializ proqramında olan xəstələr idi. Hansı ki, onlar orqan yetməzliyindən əziyyət çəkirdilər. Eyni zamanda, koronavirusa yoluxmaları nəticəsində ağciyər yetməzliyi və bunun fonunda multi-orqan çatışmazlığından dünyasını dəyişən xəstələrimiz oldu”. M.Kazıminin sözlərinə görə, yoluxmanın kəskin artdığı vaxtlarda orqan transplantasiyası əməliyyatlarına qısamüddətlik ara verilib: “Əlsində, bütün problemlərə baxmayaraq, 2020-ci ildə nəticələrimiz qənaətbəxş sayıla bilər. Çətinliklərə baxmayaraq, tərəfimizidən qaraciyər və böyrək transplantasiyaları dayandırılmadan icra olundu, müəyyən periodda, koronavirusun daha şiddətli olduğu vaxtlarda biz bu əməliyyatların icrasına təcili olmadığı hallarda qısamüddətlik ara verdik. Bildirim ki, orqan transplantasiya əməliyyatları yarıtəcili qrupua daxildir. Amma icra edilmiş qaraciyər transplantasiya əməliyyatları xəstənin ümumi vəziyyəti pisləşdiyi zaman təcili əməliyyat qrupuna, böyrək transplantasiyası isə ağrılaşma halında yarıtəcili qrupa girir. Çünki böyrək transplantasiyasına ehtiyacı olan xəstələrin ən azından hemodializ şansı olduğuna görə, bu xəstələri bir müddətlik hemodializ proqrmında izlədik. Amma qaraciyər köçürülməsinə ehtiyacı olan xəstələrin hər hansı dəstək müalicəsi, hemodializə bənzər proseduru olmadığına, həyati təhlükə riski yarandığına görə, bu xəstələrin əməliyyatlarını icra etdik”. Transplantoloq qeyd edib ki, 2020-ci il və 2021-ci ilin ilk ayında Azərbaycanda 56 xəstə üzərində qaraciyər, 67 xəstə üzərində isə böyrək transplantasiyası əməliyyatı icra olunub: “56 qaraciyər transplantasiyası olunmuş xəstənin 14-ü, 67 böyrək transplantasiyasının isə 6-sı uşaqları əhatə edib. Nəticələrimiz qənaətbəxşdir. Və bütün dünya transplantasiya mərkəzlərində icra olunan əməliyyatlardakı nəticələrlə uyğundur”.
Comments