top of page

Ağalarovlar Bakı kəndlərində ağalıq edir

  • Yeganə
  • Feb 2, 2021
  • 2 min read

Əhalini hökumətdən narazı salan problemlərin kökündə məmur özbaşınalığının durması dövlət səviyyəsində etiraf edilir. Elə dünən dövlət başçısı konkret adlarla 6 məmura dəmir iradını bildirdi . Əhali bir yandan məmur özbaşınalığı, məmur sahibkarlığı , digər yandan sahibkar məmurluğu ilə hüququndan , malından - mülkündən məhrum edilir . Bakı kəndləri sakinlərinin durumu isə lap ağırdır. Xəzər sahili çimərliklər hasarlanır , dədə-baba torpaqları bir göz qırpımında ələ keçirilir , yerində milyonluq əyləncə mərkəzləri, villalar , koteclər salınır . Bakı ətrafını , əsasən , Moskvada yaşayan Ağalarovlar ailə biznesinə çeviriblər. Torpaq alqı-satqısının ilk vaxtlarında əhaliyə normal kompensasiya ödəyən “Krokus” şirkəti son zamanlar insanların dədə-baba torpaqlarını müftə-müsəlləm ələ keçirməyə başlayıb.

Bakı kəndlərinin sakinləri 1987-ci ildə vəfat etmiş Xanımana Əjdər qızı və 1994-cü ildə vəfat etmiş Əbülfəz Əzizov 55 il qabaq Bakı şəhəri Bağlar Təsərrüfatı Trestindən icarələrinə müqavilə ilə bağ sahələri götürüblər. Rəhmətə gedəndən sonra həmin bağlar onların varislərinə keçib. Varislər həmin sahədən istifadə etməkdə sərbəst olsalar da, “Krokus” şirkəti həmin sahənin hasarını uçurub, bağı viran qoyublar. Etibarnamə verdikləri şəxslər məhkəməyə müraciət etsələr də, iş məhkəmənin icraatında olduğu halda , məhkəmə qərarını vermədən, şirkət özbaşınalığını davam etdirib. Prezidentin torpaqların dövlət ehtiyacları üçün alınması haqqında imzaladığı qanuna görə, torpaq sahəsi , mülk yalnız onun dəyəri ədalətli kompensasiya ilə ödənilməklə alına bilər . Ağalarovların “Krokus” şirkəti isə öncə kompensasiya ödəməyə söz versə də, hazırda heç bir ödəniş etməyəcəyini “ağayana” bildirir. Şirkətin nəyə arxalanıb özbaşınalıq etməsi bilinmir . Puluna arxayındırsa, torpaq yiyəsinin pulunu versin! Yox, əgər zoruna arxalanırsa, qanuni fəaliyyət göstərən hüquq mühafizə orqanları var. Yeri gəlmişkən, uçurullmuş sahədən mal-materiallar oğurlanıb və bu barədə polisə məlumat verilib. Oğurluğa görə isə polisin araşdırma aparması mütləqdir.

Ölkə prezidentindən bu özbaşınalığa hüquqi qiymət verilməsi, məhkəməyə, reyestr xidmətinə təzyiqə son qoyulması üçün “dəmir yumruğ”un gücünü göstərməyi xahiş edən torpaq sahibləri ədalətin zəfər çalacağına inanırlar. 44 günə Qarabağı xarici qəsbkarlardan xilas edən Ali Baş Komandan Bakını da xilas edər, inşallah!

Qafar Əliyarov,

Etibarnamə ilə nümayəndə






Commentaires


bottom of page