top of page

BMT 1993-cü ildə bizim beynəlxalq hüquqdan irəli gələn haqqlarımızı rəsmləşdirib, qalıb icra edilməs

  • Yeganə
  • Oct 27, 2020
  • 3 min read

„Savaş zəruri və həyati olmalıdır, millətin həyatı təhlükəyə məruz qalmadıqca savaş bir cinayətdir“


Mustafa Kamal Atatürk


Mənim üçün də min kvadratlarla ərazi ələ keçirmək, nə bilim geosiyasi maraq filan söhbətləri bir gəncin həyatından daha dəyərsizdir. Bir dövlətin ən ali məqsədi və vəzifəsi öz əhalisini təhlükəsiz, xoşbəxt, ləyaqətli həyatını təmin etməkdir. Milliyətçilikdən də nifrət edirəm. Bu 5 il qabaq da belə idi, indi də belədir. Lakin bir dövlət gərək öz vətəndaşının təhlükəsizliyini, xoşbəxt, ləyaqətli və firavan yaşayışını təmin etmək iqtidarına nail olsun ki, ondan sonra o dövlətdən bu vəzifələrini tələb edəsən. Yəni bir ailənin bədbəxtçiliyinin, qorxu içində, təhlükədə, yaxud daim təhdid altında yaşamasına son qoyulması da istənilən sülhpərvər ideyalardan, boş-boş demogojilərdən daha dəyərlidir.

27 ildir Azərbaycan sülhə riayət edir, bu illər ərzində təxminən 5000 Azərbaycan əsgəri ermənilər tərəfindən şəhid edilib. Hərbi xidmətə göndərilmiş hər gəncin həyatı təhlükədə olub, oğullarını əsgərliyə göndərən valideynlər onlarla „bərabər“ əsgərlik edib, o ailəyə gələn hər naməlum zəng onlar üçün işgəncə olub, ölkənin qərbində yaşayan əhali qorxu və təlaş içində yaşayıblar. Bu 27 il ərzində sülh danışıqlarında beynəlxalq hüquqla haqqsızlığa uğrayan tərəf kimi bizim xeyirimizə bircə addım belə atılmayıb. Dağlıq Qarabağı və əlavə 7 rayonu işğal edən, oranın azərbaycanlı əhalisini öz yürdundan didərgin salan ermənilərdən bircə dəfə belə vəziyyəti yumşaldıcı, sülhə yönəlik bircə addım belə atılmayıb. Əksinə son illər şiddətlənməklə provokasiya edilmişik, təhqir olunmuşuq və digər ərazilərimizə də qarşı iddialar səsləndirilib. Yəni ermənilər elə bir mövqedən çıxış etməyiblər ki, bu işğal olunmuş əraziləri bizə bağışlamaqla hər şey bitəcək, kifayətlənəcəyik. Üstəgəl bu münaqişəni qızışdıran elə qərbin demokratik ölkələrində yaşayan, səhər-axşam televiziyalarda, ətraflarında humanizim, insan hüquqları söz-söhbətlərini duyan, çox güman ki, heç zaman da Ermənistanda yaşamaq barədə fikirləşməyən diaspora ermənilər olub.

İndi bu vəziyyətdə hər nə səbəblə olursa olsun bizdən sülh tələb etmək, ermənilərə qarşı sülhpərvər olmağımızı gözləmək o deməkdir ki, türklər demiş „dükkanı bağlayın gedin“, dövləti filan unudun, əsas odur ki, sizi kütləvi öldürmürlər, az-az öldürürlər, siz başqa ölkələrin ərazilərinə səpələnərək də həyatda qala bilərsiz. Bunun başqa bir izahı yoxdur.

Fərqli görünmək ya da xoşlamadığın, özündən saymadığın xalqda qıcıq yaratmaq üçün, ikiüzlü təşkilatların, bir sıra maraq dairələrinin diqqət mərkəzində qalmaq üçün sülhpərvər kimi görünmək çox ürəkbulandırıcıdır. Nəzərə almaq lazımdır ki, vicdanı rədd edən, insan iradəsinin, mənliyinin sərhədsiz azadlığını müdafiə edən, bütün Fransanı qarşısına alaraq ölkəsinin Əlcəzairlə savaşına qarşı çıxan, nihilist Jean-Paul Sartre belə Fransanın alman işğalına qarşı azadlıq mübarizəsində iştirak etmişdir.

Böyük Nitşe üçün ali insan (Übermensch) bütün tərəflərini, potensialını, bacarıq və qabiliyətlərini (sevgisini, nifrətini, incəsənət bacarıqlarını və.s.) inkişaf etdirərək faydalana bilən, „onun məşhur ifadəsi ilə Allah öldükdən“ sonra Onu əvəz edə bilən bir insan idi. Hazırki durumda yalnız sülhpərvər tərəfini (əslində isə əsarət, haqsızlıqla barışmaq tərəfini) inkişaf etdirmiş, özünü qoruma, əsarətdən qurtulma instinktini, haqsızlığa qarşı çıxma, ləyaqətli, qürurlu yaşamaq tərəflərini unutmuş bir insanın „nowar-çıların“ iddiasında olduğu „ali insan“ olmaq ilə heç bir əlaqəsi yoxdur. Bunun nə fərdiyyəçiliklə, nə demokratik düşüncə ilə, nə də normal bir fəlsəfi cərəyanla izahı yoxdur.

Sülh tərəfdarlarının bəziləri o arqumentlə çıxış edirlər ki, guya öncə hakimiyyət dəyişməli, yeni hökümət qurulmalı, daha demokratik bir dövlət tam təmin edilməli və bundan sonra torpaqlar azad oluna bilər. Bu tamamilə əsassız və tutarsız bir arqumentdir. Beynəlxalq münasibətlərdən azacıq xəbəri olan biri bunu bilməmiş deyildir ki, hərbi əməliyyatlar aparmaq, hələ dünyanın güclü ölkələrində diasporası olan ermənilərlə bir münaqişəyə girmək üçün oturuşmuş, beynəlxalq təzyiqlərə tab gətirə bilən, bu münaqişədə təcrübəsi olan, bir növ dövlətləşmiş bir hakimiyyət olmalıdır. Yeni iqtidara gəlmiş, dövlət içində və beynəlxalq arenada möhkəmlənməmiş bir hakimiyyət erməniləri heç bir zaman qarşısına ala, onlarla müharibə apara bilməz, çünki öz hakimiyyətini düşünmək, qorumaq məcburiyyətindədir. Yeni hakimiyyətə gəlmiş bir höküməti endirmək, yaxud endirməklə hədələmək, ölkədə siyasi qarışıqlıq, ya da xaos yaratmaq indi bizə təzyiq edən ölkələr üçün elə də çətin bir iş deyildir.

Beynəlxalq hüquq mövcuddur, ancaq təəssüf ki, yalnız riayət etmək üçün normativ aktlardan ibarət bir formada. Bu hüququn əsas elementi - icraedici, cəzalandırıcı bir mexanizmi yoxdur. Bu problem beynəlxalq hüquqda hər zaman müzakirə edilən bir məsələdir və hələlik öz həllini tapmayıb. BMT 1993-cü ildə bizim beynəlxalq hüquqdan irəli gələn haqqlarımızı rəsmləşdirib bizə bəyan ediblər, qalıb icra edilməsi. Əslində bu təşkilatların sənədlərinin 27 ildir icrasız qalması dolayı yolla bizə deməkdir ki, gedin özünüz icra edin və indi biz də icra edirik.

Əminamanlığı, yüksək həyat şəraiti təmin olunmuş, müharibə təhlükəsi olmayan, qayğısız ölkələrdə sülhpərvər, passivist olmağa nə var ki. Yaxud başqasına münasibətdə sülhpərvər, demokrat görünməyə nə var ki. Əsas məsələ bütün bunlar sənə qarşı yönələndə müdafiə etdiyin mövqendə dayanmaq, sülhpərvər və demokratik qalmaqdır. Biz də ərazi bütövlüyümüzü, təhlükəsizliyimizi, əminamanlığımız təmin edək, daha sonra sülhpərvər olarıq, söz…

Mustafayev Asif,

Köln Universitetinin Hüquq fakültəsinin doktorantı,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Comments


bottom of page