"Bu günədək bayramlarımızı xəcalət hissi ilə qeyd edir və özümüzü günahkar hesab edirdik"
- Yeganə
- Mar 21, 2021
- 1 min read

Bu gün Azərbaycan xalqı ən müqəddəs bayramlarından birini qeyd edir. Biz xoşbəxtik ki, 44 günlük Vətən Savaşından qalib çıxdıq və dünyanın ən bəxtəvər xalqı kimi adımızı tarixə yazdırmağı bacardıq. Gəlin etiraf edək ki, biz bu günədək bayramlarımızı nisgillə, qəlb sızıltısı ilə, xəcalət hissi ilə qeyd edirdik və hamımız özümüzü günahkar hesab edirdik, bir gözümüz gülsə də, bir gözümüz ağlayırdı. Allaha çox şükürlər olsun ki, ötən il igid oğullarımızın canı, qanı bahasına təkcə 30 ilə yaxın bizi qarabaqara təqib edən bu xəcalət hissindən qurtulmadıq, eyni zamanda mənfur düşmənin burnunu ovaraq ərazi bütövlüyümüzü təmin etmək istiqamətində çox böyük iş gördük. Ali Baş Komandanın Qarabağımızın tacı olan Şuşada bayram tonqalını qalaması isə xüsusi ilə qürurverici idi və belə bir möhtəşəm mərasimə şahidlik etdiyimizə görə qəlbimizi dolduran qürur hissini sözlə ifadə etmək mümkün deyil. Ali Baş Komandanın dediyi kimi, gerçəkdən də Allah Azərbaycan xalqının dualarını eşitdi. Əziz və dəyərli həmvətənlərim! Başımızın tacı olan Şəhid ailələri və Qazilərimiz! Sizi baharın müjdəçisi olan Novruz Bayramı münasibətilə ürəkdən təbrik edir, Sizlərə möhkəm can sağlığı və xoşbəxt həyat arzulayıram. Bu sevinci bizlərə bəxş etmiş yenilməz ordumuza və onun müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarıq. Bayramımız mübarək olsun! Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov
Comments