top of page

“Bu təlimlər elə-belə keçirilmir...”

  • Yeganə
  • Mar 13, 2021
  • 2 min read


“Bu dəfə “dəmir yumruq" silahlı terrorçu qrupların başına endiriləcək” Martın 15-dən Azərbaycan Ordusunda qoşun-qüvvə növlərinin cəlb edilməsi ilə əməliyyat-taktiki təlimləri keçiriləcək. Təlimə 10 000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq. Martın 18-dək davam edəcək təlimlərdə qoşunlar terrorçu dəstələr, qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və antiterror əməliyyatlar üzrə tapşırıqları icra edəcək. Hərbi ekspert Emin Həsənli bildirdi ki, hərbi təlimlərin terrorçu dəstələr, qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və antiterror əməliyyatlar üzrə aparılması müharibədən sonrakı dövr üçün xüsusilə mühümdür: “Azərbaycan uzun illərdir terrordan əziyyət çəkən ölkələrdən biridir. Ona görə də Azərbaycan terrora, terrorçulara qarşı mübarizəni özünün ən mühüm hədəflərindən biri sayır və bunda haqlıdır. Tale elə gətirib ki, bizim Ermənistan kimi terrorçu mahiyyətli, terroru dövlət siyasətinə çevirən qonşumuz var. Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyir. İndiyə qədər Azərbaycanda 32 terror aktının məhz Ermənistan dövləti tərəfindən təşkil edildiyi istintaq tərəfindən tam sübut olunub. Bakıda metronun partaldılmasından tutmuş, Ağdam və Qarabağın digər ərazilərində dinc insanların hərəkət etdiyi avtobusların partladılmasılna qədər ən müxtəlif çirkin qanlı terror aktlarını məhz Ermənistan təşkil edib. İndi Qarabağ müharibəsi başa çatıb, lakin Ermənistan terrorçu mahiyyətini dəyişməyib. Bu gün də Qarabağda erməni terrorçular var və Ermənistandan onlara dəstək verilir. Araik Arutyunyan başda olmaqla onun dəstəsi qatı terrorçudurlar, onlar terroru təbliğ edirlər, terror hazırlıqlarından imtina etmirlər. Eyni zamanda Ermənistan 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın bəzi tələblərinə əməl etmir. Əməl etsəydi, Qarabağdakı erməni terrorçularını, silahlı qruplarını Ermənistan geri çağırmalı idi. Lakin bunu hələ etməyiblər”. Ekspert qeyd etdi ki, həm sadaladığı məsələlərə görə, həm də hər il əvvəldən təsdiq edilən plana uyğun olaraq Azərbaycan ordusu martın 15-dən hərbi təlimlərə başlayacaq: “Bu hərbi təlimlər Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının təsdiqlədiyi plana uyğun keçiriləcək. Hərbi təlimlər Azərbaycan ordusunun qanunsuz silahlı birləşmələrə, qruplara, terrorçulara qarşı mübarizəsində imkanlarını, təcrübəsini daha da gücləndirəcək. Xüsusilə müharibədən sonrakı dövr üçün bu cür hərbi təlimlərin keçirilməsi təbii və vacibdir. Bu təlimlər elə-belə keçirilmir. Biz əvvəllər də keçirilən hərbi təlimlərin çox böyük nəticələrinin olacağını deyirdik. Keçən il 44 gün ərzində biz uzun illər aparılan müxtəlif təyinatlı hərbi təlimlərin nəticəsinin şahidi olduq. Bundan sonrakı dövrdə də keçiriləcək təlimlər də ordumuzun döyüş qabiliyyətini artıracaq. Lazımi anda bu təlimlərdə əldə olunan bacarıqlar öz sözünü yenə deyəcək. Bu dəfə ”dəmir yumruq" silahlı terrorçu qrupların başına endiriləcək".“Yeni Müsavat”

コメント


bottom of page