top of page

Dağılmaqda olan "Qafqaz evi"ni kim qurtaracaq? - David Xmaladze

  • Yeganə
  • Jan 22, 2021
  • 3 min read

Təsəvvür edin ki, üç ailənin yaşadığı üçmənzilli bir ev var. Bu ev yaşı bir qədər köhnə olsa da, gözəldir, özünə çox turisti cəlb edir. Birinci mərtəbədə yaxşı qazanc əldə edə və sakinlər arasında bərabər paylaya biləcəyiniz pərakəndə mənzillər var. Ancaq bu üç ailə ortaq bir iş görmək, evlərinin təməlini möhkəmləndirmək, divarları və damlarını birlikdə təmir etmək əvəzinə bir-biriləri ilə müharibə vəziyyətindədirlər. Qapıları bir-birinin üzünə bağlayırlar, pəncərələrinə daş atırlar, otaqları qəsb etməyə çalışırlar. Döyüşməyə gəlincə, quldurları ərazilərinə çağırıb girişlərində qalmalarını və onları qonşulardan qorumalarını xahiş edirlər. Nəticədə inkişaf edə biləcək bir ev xarab olur və dağılır, kirayəçilər öz evlərini tərk edərək qaçırlar. Axmaq və mənasız düşmənçiliyindən əziyyət çəkən 3 qonşu daha kasıb düşür, zəifləyir. Bu gün Cənubi Qafqazda baş verənləri obrazlı şəkildə təxminən belə təsvir etmək olar. Yəqin ki, artıq üç ailənin azərbaycanlılar, ermənilər və gürcülər olduğunu və ortaq evimizin bu gün müharibələr və qarşıdurmalar poliqonuna çevrilən Cənubi Qafqaz olduğunu təxmin etdiniz. Hər üç ölkə tamamilə məhv edilmiş bir təhlükəsizlik sistemi ilə 2021-ə daxil oldu. Gürcüstanın 20 faizi Rusiya tərəfindən işğal edilib. Azərbaycan və Ermənistan bölgələrinə nəzarət isə ruslar və türklər arasında bölüşdürülür. 2020-ci ilin sonunda Cənubi Qafqazın başqalarının döyüş meydanı olduğunu və istənilən imperatorluğun istədiyi yerə mövcud sərhədləri çəkə biləcəyini gördük. Bu isə kitablardan oxuduğumuz 100, 200, 300 il əvvəlki imperiyalara aid rəsmlərin təkrarını bizə xatırlatdı. SSRİ-nin dağılmasından və müstəqilliyini qazandıqdan sonra təxminən 30 il ərzində Azərbaycan, Ermənistan və Gürcüstanın əhalisi və siyasi elitaları Cənubi Qafqazın ümumi iqtisadi, siyasi və sosial maraqlara sahib vahid bir bölgə olduğunu, sabitliyin və inkişafın birgə fəaliyyətdən keçdiyini anlamadılar. Son 30 ildə bu üç qonşu arasında çoxtərəfli dialoq və əməkdaşlıq təşəbbüsləri olmadı. Ola bilsin ki, buna imkan vermədilər. Hansı ki, tarixən bu üç xalq arasında tikanlı məftillər olmayıb. Bu xalqlar yaxşı gündə də, pis gündə də bir yerdə olublar. Son tikələrini birgə bölüşüblər. Bu millətlərin dostluğu və mehribanlığı haqqında şeirlər yazılıb, nəğmələr qoşulub. Bu üç xalqın bir adı olub – Qafqaz. Vaxtilə Qafqazdan kənara çıxan istənilən şəxs deməyib ki, mən azərbaycanlıyam, gürcüyəm, erməniyəm. Deyib ki, “mən qafqazlıyam”. Bir zamanlar dərd ortağı, ocaq qonşusu olan bu xalqlar son 30 ildə dostluq, inteqrasiya və birləşmə fikirləri əvəzinə, bir-birilərinə düşmən gözündə baxıblar. Özlərinin bir-biriləri ilə tarixən dost olduqlarını unudub, kənarda özlərinə dost və arxa axtarıblar. Hər ölkənin öz siyasi ambisiyası ortaya çıxıb. Bu ambisiya isə əsrlər boyu “qardaş” dediyin adamı özü-özünə düşmən eləyib. Xalqlarımız bu gün bir-birilərinə münasibətdə kənardan qoyulmuş stereotiplərdən, qorxulardan və nifrətdən istifadə edirlər. Məsələn, bu gün Azərbaycan və Ermənistan sakinləri arasında qarşılıqlı nifrət var və eyni ərazidə birlikdə yaşamağı qeyri-mümkün hesab edirlər. Ancaq nədənsə 8 saat ərzində hər iki ölkəni maşınla keçə biləcəyiniz kiçik bir bölgə olduğumuzu unuduruq. Düşünmürük ki, bu düşmənçilik bizim yox, kimlərinsə işinə yarayır. Əslində, SSRİ-nin dağılmasından sonra doğulan gənc azərbaycanlı və erməni nəsli bir-birilərini TV və qəzetlərdə təsvir edilən düşmən kimi tanıyırlar. Çünki onlara görüşmək və birbaşa danışmaq, adi insani münasibət qurmaq imkanı verilməyib. Ancaq bu, real barışığa aparan ilk addım ola bilər. Axı gələcəyin qurucuları onlardır. Bu gün bununla nə Azərbaycanda, nə də Ermənistanda heç kim maraqlanmır. Bu vəziyyətdə əsl dost və qonşu kimi çıxış etməli olan Gürcüstan isə uzun müddətdir susur. Halbuki son 30 ildə Gürcüstan tərəfi siyasi təşəbbüsü ələ alıb, bir çox problemin həllinə nail ola bilərdi. Amma nəyə görəsə gürcülər bunu etmədi, bəlkə də etməyə qoymadılar. Nəticədə, azərbaycanlılar və ermənilər, elə gürcülər də rusdan, türkdən, farsdan və yaxud ingilisdən kömək gözləyib, imdad umub. Beləcə, böyük bir çətinliklə qazandığımız suverenliyimizdən könüllü olaraq ayrılır və özümüzü böyük güclərin ixtiyarına təslim edirik. Nə yazıq ki, 30 il ərzində bir-birimizlə vasitəçi olmadan ünsiyyət qurmağı öyrənmədik və sovet keçmişindən “sadəlövh axmaq” olaraq qaldıq. Əlbəttə ki, Cənubi Qafqaz ölkələrində dünya miqyasında düşünən, yeni həqiqətlərdən xəbərdar olan və bölgədəki qonşuları ilə kompromislər tapmağa hazır olan gənc siyasətçilər təbəqəsi var. Yalnız bu insanların səsi hələ də çox zəifdir. Onlar hər tərəfdən bölünmə, düşmənçilik, fərdiyyət təbliğatı ilə boğulur. Bu gün Cənubi Qafqaz ölkələrinin hər biri dünyanın müxtəlif istiqamətlərinə baxaraq, 2021-ci ilin nə olacağını proqnozlaşdırmağa çalışır. Azərbaycanlılar Türkiyə ilə inteqrasiyanın dərinləşməsini istəyirlər, ermənilər hələ də Rusiyadan dəstək və kömək umurlar, gürcülər isə ABŞ-ın yeni prezidentinin diqqətinə ümid bəsləyirlər. Ancaq bu gözləntilərin nəticəsi nə olursa-olsun, bütün bunlar sadəcə ehtimallardır, çünki “uzaq qohumdan yaxın qonşu irəlidir”. David Xmaladze, “Qruziya onlayn”, 22 yanvar 2021.

Commentaires


bottom of page