top of page

Deputatdan şəhidlər və qazilərlə bağlı maraqlı təklif

  • Yeganə
  • Dec 8, 2020
  • 2 min read

"Daha yaxşı olar ki, müharibə veteranları ilə bağlı güzəştlər "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna daxil edilsin və "Şəhid adının əbədiləşdirilməsi, şəhid ailələri və müharibə əlillərinə edilən güzəştlər haqqında” qanun kimi yenidən işlənsin”. Bu təkliflə Milli Məclisin deputatı Vüqar Bayramov Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin iclasında çıxış edib. Deputat bildirib ki, hazırda Azərbaycanda şəhid ailələrinin üzvləri üçün 20, müharibə əlilləri üçün 12 birbaşa və təşviqedici dəstək mexanizmi icra olunur: "Hər iki istiqamət üzrə dövlət qayğısının daha da artırılması üçün ölkə qanunvericiliyində bir sıra dəyişikliklər təklif etdim. Birincisi, məşğulluq haqqında qanunun 4-cü maddəsinin 4.1.3-cü bəndinə əsasən sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri məşğul hesab olunurlar. Bu bir sıra hallarda şəhid ailələri və müharibə əlillərinin sosial proqramlarına çıxış imkanlarını məhdudlaşdırır. Nəzərə alsaq ki, xeyli sayda şəhid ailələri və müharibə əlillərinin pay torpaqları var və onlar məhz bu səbəbdən məşğul hesab olunurlar. Təklif edirik ki, qanunun 4.1.3. maddəsinə aşağıdakı redaktə verilsin: "Sahibkarlar, şəhid ailələri və müharibə əlilləri istisna olunmaqla mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri” məşğul hesab olunurlar. Bu həmin ailələrin bütün sosial proqramlarına çıxış imkanını genişləndirə bilər. İkincisi, təklifimiz müharibə əlillərinin güzəştli ipoteka krediti almaq hüququnun verilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi qaydası təsdiq edilib. Həmin sənədin 3-cü maddəsində ipoteka kreditinin verilməsinə dair tələblər müəyyənləşir. Təklif edirik ki, qanunvericiliyə dəyişiklik edilsin və 3.2.1. maddəsində gənc ailənin üzvü olan aşağıdakı şəxslər siyahısına mharibə əlilləri ayrıca əlavə olunsun ki, onlar güzəştli ipotekadan istifadə edə bilsinlər. Üçüncüsü, şəhid ailə üzvləri üçün güzəştlər "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunla (3 sentyabr 1993) tənzimlənir”. Vüqar Bayramov qeyd edib ki, bu qanun şəhid ailələri üçün çoxlu sayda güzəştlər nəzərdə tutur: "Eyni zamanda, müharibə əlilləri üçün güzəştlər "Əlillərin sosial müdafiəsi haqqında qanunla” (25 avqust 1992-ci il) tənzimlənir. Məsələn, şəhid alilərinin hüquqları kimi "dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alanlar təhsil haqqını ödəməkdən azad olunurlar”. Bu, müharibə əlillərinin övladlarına da şamil oluna bilər”.

Comments


bottom of page