Distant təhsildə internet problemi yaşayanların nəzərinə: - BU NÖMRƏLƏRLƏ ƏLAQƏ SAXLAYIN
- Yeganə
- Nov 3, 2020
- 2 min read
Distant təhsildə internet problemi yaşayanların nəzərinə: - BU NÖMRƏLƏRLƏ ƏLAQƏ SAXLAYIN
Koronavirus pandemiyası səbəbindən ölkədə təhsil distant qaydada həyata keçirilməsinə başlanılsa da ancaq internet problemi yaşanmaqdadır.
“Online” dərslərin baş tutmamasından şikayətlənən vətəndaşlar öz narazılıqlarını ifadə edir:
Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova bunları deyib:
“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ermənistanın törətdiyi genişmiqyaslı təxribatların qarşısını almaq məqsədilə hərbi vəziyyət şəraitində olan ölkəmizdə internetin verilməsində məhdudiyyətlər tətbiq edib.
Belə ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 16.1-ci maddəsinə əsasən, fövqəladə hallarda, fövqəladə və ya hərbi vəziyyət şəraitində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq səlahiyyətli dövlət hakimiyyəti orqanları zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malikdirlər və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilərlər. Fövqəladə və hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi qaydaları müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 noyabr tarixli 517 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ın 3.1.2-ci maddəsinə əsasən, telekommunikasiya və poçt şəbəkələrinin fəaliyyəti Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hərbi idarəetmə orqanları ilə razılaşdırılmaqla, müvəqqəti məhdudlaşdırıla və dayandırıla bilər. Onu da qeyd edək ki, sözügedən məhdudiyyət müvafiq elektron kommunikasiya vasitələrinə tətbiq olunub. Ölkəmizdə distant təhsil prosesinin həyata keçirildiyi elektron platformaların fəaliyyəti məhdudlaşdırılmayıb. Ali təhsil müəssisələrinin tələbələri və orta ümumtəhsil məktəblərinin şagirdləri heç bir çətinlik çəkmədən distant təhsil prosesində iştirak edə bilərlər. Eyni zamanda diqqətinizə çatdıraq ki, hazırkı dönəmdə distant təhsilin tətbiqi fonunda internet xidmətlərinə artan tələbatın ödənilməsi, dayanıqlığın və keyfiyyətin təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bütün zəruri işlər həyata keçirilir. Bu və ya digər formada hər hansı problemlə rastlaşarsa vətəndaşlar, Baktelekom abunəçiləri 155, Aztelekom abunəçiləri 170 və Nazirliyə müraciət üçün 1655 çağrı mərkəzlərinə müraciət etsinlər.”
Comments