Dörd övladı cəbhədə döyüşən ata-VİDEO
- Yeganə
- Nov 11, 2020
- 1 min read
Cəlilabad rayonunun Kövüzbulaq kənd sakini İlqar Nadirovun dörd övladı Qarabağ uğrunda ön cəbhədə döyüşür.
Qaygi.info “Ölkə.Az”a istinadla xəbər verir ki, İ.Nadirovun iki oğlu hərbçidir, digər iki övladı isə Vətən müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına qatılıb.
Övladları ilə fəxr etdiyini deyən ata körpəlikdən onları vətənpərvər ruhda tərbiyə etdiyini deyib:

“Biz övladlarımızı vətən üçün böyüdürük. Vətən sağ olsun. Təki torpaqlarımız tezliklə yağı düşmənin tapdağı altından azad olunsun. Mənim övladlarımda uşaq yaşlarından hərbiyə böyük həvəs olub. Onlar vətənpərvər ruhda böyüyüblər”.
Siz də bu qəhrəmanları tanıyın! Bir atanın dörd övladı - Kənan, Faiq, Zəka və Novruz Nadirli qardaşları. Vətən bu dörd qardaşı çətin gündə ana yurda dayaq olmağa çağıranda, onlar ölümü gözə alıb, bir yerdə cəbhəyə yollanıblar. Yeganə bacılarının həyat yoldaşı Əfrayıl Əzizəliyev də onlarla bir yerdə ön cəbhədə düşmənlə vuruşur.
Əsgərlərin anasının sözlərinə görə, övladları müharibə başlayan gündən cəbhəyə yollanıblar.
Qardaşlardan Novruz döyüşlərdə yaralandığı üçün evlərinə qayıdıb. Ancaq o, tezliklə sağalıb, cəbhəyə qayıdacağı günü gözlədiyini deyib:
“Biz döyüşdə olanda, əsgər yoldaşlarımız ilə çox gözəl şüarımız vardı: “Kişilər PUA-sı ilə, qadınların duası ilə, Allahın rızası ilə qaytarırıq Qarabağı. İnşallah, mən də tezliklə cəbhəyə qayıdıb öz missiyamı davam etdirəcəyəm”.
Comments