top of page

Evli"lik təklifləri olurdu, amma təəssüflər olsun ki, bu gün arxalanacaq insanlar çox azdır..."

  • Yeganə
  • Mar 7, 2021
  • 3 min read






Müsahibimiz Əməkdar artist Mehriban Xanlarovadır

Mehriban xanım, qarşıdan Novruz bayramı gəlir. Ab-hava necədir sizdə? - Əgər bayram əhval-ruhiyyəsindən söhbət gedirsə mən özümdə bu ab-havanı görmürəm. Təbii ki, özümdən danışıram, başqasından yox. Sabah adama deyərlər ki, sən görmürsən, biz görürük! Bu dəqiqə hansı evə getsəniz stolun üstündə ən azı bir səməni və bəzəkli xonça var. Amma mənim evimdə nə səməni var, nə də süfrə bəzəmişəm. Bu il mən Novruz bayramı da keçirməyəcəm. Görürsüz ki, uzun müddətdir efirlərə də çıxmıram, şəhidlərimizin il mərasimi çıxandan sonra efirlərə gedəcəm. Özümə söz vermişəm. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin! Dövlətimiz onlara böyük qayğı göstərir, mən də bir sənətçi olaraq istəyirəm ki, mənəvi baxımdan onların yanında olum. Oluram da, problemlərinin həllinə çalışırıq. - 10 mart Milli Teatr günüdür. Bu özəl gündən nəsə gözləntiləriniz var? - Mən heç inanmıram bu il teatrda kimisə təltif etsinlər. Düzdür, hər il biz dövlətin, cənab prezidentimizin qayğısını görürük. Amma bu il heç bir gözləntim yoxdur, bu şəraitdə mən heç nə istəyə bilmərəm. - Mən bilirəm ki, digər aktrisalara nisbətən siz elə də dəbdəbəli həyat yaşamırsız. Dolanışığınız necədir? - Şükür bu günümüzə. Mən hər gün Allaha şükür edirəm. O bizim yaxşı da, pis də günümüzü görür. Teatrlar fəaliyyət göstərməsə də aylıq əmək haqqımızı alırıq. Bir də sağ olsun rayon camaatı, məni heç vaxt darda qoymayıb. Mənim qapım döyülən qapıdır. - Mehriban xanım, bibiniz Zeynəb Xanımla münasibətləriniz necədir? - Mən bibimlə iki il əvvəl yeni il konsertində görüşüb, şəkil və videolar çəkdirib, instagram səhifəmə yüklədim. Amma buna baxmayaraq yenə də deyirlər ki, guya bizim münasibətimiz yoxdur! Bilmirəm ki, başqa nə edim ki, onlar inansın ki, bizim münasibətimiz yaxşıdır? Ağzıgöyçəklər onsuz da danışırlar və danışacaqlar da. Zeynəb Xanlarova bizim nəslimizin baş tacıdır. - Bu şayiələr Zeynəb xanıma necə təsir edirdi? - Zeynəb xanım heç vaxt belə işlərə qarışmayıb, bir kəlmə də deməyib. Şükür Allaha, o dünya görmüş insandır. - Ananız da sizinlə yaşayır. Bir müddət əvvəl səhhəti yaxşı deyildi, indi necədir? - Mən qapını açıb, içəri girəndə anamın gözlərindən oxuyuram ki, evdə nə var, nə yox! Anamın soyuducusu boş olmamalıdır. Sükür Allaha səhhəti yerindədir. Allah analara can sağlığı versin. Bəzən rayonlara, kəndlərə gedirəm, amma arxayınam ki, anamın heç nəyə ehtiyacı olmayacaq. Mənim hörmətim var, hansı dostuma desəm ki, mən gələnə qədər anama dayaq ol, bir sözümü iki etməzlər. - Mehriban xanım, sizin ananızın səhhətində problem var, danışa bilmir. Nə vaxta onunla danışmağın xiffətini çəkmisizmi? - Bəli, bu mənim ən böyük arzum olub. - Hansı sözü ona demək istəmisiz amma səhhətinə görə vaz keçmisiz? - O qədər hadisələr olub ki, heç anam bilməyib. Elə bir hadisə olub ki, anam gəlib öz başa düşdüyü dildə soruşub ki, niyə ağlayırsan? Yalandan demişəm ki, kinoya baxmışam, gözüm yaşarıb. Amma ürəyimdə demişəm ki, ay ana, kaş bir anlıq danışa bilsəydin, səninlə nələrimi bölüşməzdim? Bu günümüzə şükür! Hər dəfə dua edirəm ki, anamı biz övladlarına möhtac etmə. - Mehriban xanım, evin həm kişisi, həm qadını olmaq çox çətindir. Hansı səbəbə ikinci dəfə ailə həyatı qurmaq istəmədiz? - Təbii ki, evlilik təklifləri olurdu. Heç bir qadın istəməz tək olsun. Çirkin qadın yoxdur, sadəcə baxımsız qadın var. Hamı istəyir ki, yanında sirdaşı olsun. Amma təəssüflər olsun ki, bu gün arxalanacaq, dayaq quracaq insanlar çox azdır. Bundan qorxdum. Kimə arxalanardım? Hardan biləydim ki, arxalandığım bu insan məni yarıda qoymaz? Bu Allahın əlindədir. - Elə bir xasiyyətiniz varmı ki, özünüz də əziyyət çəkirsiz? - Türklər bu cür insanlara “yufka ürək” deyirlər. Mən aşırı dərəcədə ürəyi yumşaq insanam. Hamıya ürəyim ağrıyır, xasiyyətimi dəyişə bilmirəm. Bu da bəzi hallarda mənim özümə əziyyət verir.Moderator.az

Comments


bottom of page