top of page

"Gəlib AzTV sədrinə demişdilər ki, bu proqramı izləyən uşaqlar tənbəlləşir"

  • Yeganə
  • Feb 6, 2021
  • 2 min read



“Uşağlıqdan bu sənətin içərisində olmuşam. Atam əməkdar artist Sadıq Hüseynov bizi həmişə film çəkilişlərinə aparırdı. Yadıma gəlir ki, atamla birgə “Axırıncı aşırım” filminin çəkilişlərində iştirak etmişəm. Sadıq müəllim 100-dən çox filmə çəkilib. O teatrı da kinoya görə tərk etmişdi. Atam uşaqların sevimli “Savalan baba”-sı roluyla çox sevilirdi. Mən ona televiziyada çalışmaq istəyimi bildirəndə o mənə dedi ki, sən özün başla, mən sənin işinə qarışmaq istəmirəm. Həmişə deyirdi ki, özün üçün gün ağla, mən necə televiziyada deyim ki, Arzunu işə götürün? AzTV-də öncə “Tənbəl Əhməd” səhnəcikləri ilə fəaliyyətə başlamışam. Gəlib sədrə demişdilər ki, bu proqramı izləyən uşaqlar tənbəlləşir, obraz yaxşı deyil. Elə oldu ki, bunu yığışdırdılar. Daha sonra “Nərbala” obrazını oynamağa başladım. Uşaqların sevgisini ən çox qazanan isə “Karlson” obrazı oldu. 2006-cı ilə qədər bu səhnəcik efirdə getdi. Sonra Aztv-də rəhbərlik dəyişdi, həmin verilişi bağladılar. İndi uşaq verilişləri yox dərəcəsindədir” Bunu açıqlamasında əməkdar artist Arzu Hüseynov deyib. Aktyor maddi vəziyyətinin yaxşı olmadığını bildirib. “Qızımın biri xəstədir, dərmanlarla yaşayır. Qalxanvari vəzisində problem yaranıb. Dərman qəbul etməsə mümkün deyil. Həkim də deyir ki, bu dərmanların bir yerə xeyri varsa, digər bir yerə də ziyanı var. Həkim bahalı iynələr yazır, onu hər ay alıb vurmalıyıq. İynənin biri 600-700 manatdır. Pulsuzluq içindəyəm, buna maddi imkanım çatmır. 58 yaşım var, hansı teatra gedirəm məni işə götürmürlər ki, cavan deyilsiz. O vaxt teatrdan çıxmaqla mən böyük səhv etdim, çünki maaş az idi. İndiki vaxtı bilsəydim ki, teatrlara diqqət artacaq mən heç vaxt oranı tərk etməzdim. Əvvəl “xalturalarım” olurdu, amma 20 ildir ki, onlar da yoxdur. Gözümə və bir də “əməkdar artist” fəxri adından aldığım məvaciblə dolanıram” deyə aktyor bildirib. Əməkdar artist sonda televiziyalara müraciət də edib. “Əlimdə çox yaxşı ssenarilər var, çox istərdim ki, televiziyalar bu ssenarilər əsasında filmlər, seriallar çəksinlər. Elə özüm də aktyor kimi çəkilərəm. Oturmuşam boş-boşuna evdə, heç yerdə işləmirəm. Rejissorlara və telekanallara müraciət edirəm, çox xahiş edirəm mənə bu işdə köməklik etsinlər” deyə aktyor bildirib.

Comments


bottom of page