“Karantin qaydalarına əməl etməsək...” - mütəxəssislər xəbərdarlıq edir
- Yeganə
- Oct 9, 2020
- 4 min read
Xəstəxanalarda COVID-19-a yoluxanların sayının yenidən artması müharibə şəraitində olan ölkə üçün yolverilməzdir... Artıq 13-cü gündür ki, təcavüzkar Ermənistanın hərbi təxribatı nəticəsində cəbhə bölgəsində şiddətli döyüşlər gedir. Müharibə ilə bərabər ölkəmizdə COVİD-19-la mübarizə də davam etdirilir. Narahatlıq doğuran məqam isə odur ki, cəbhədəki döyüşlər pandemiyanın unudulmasına səbəb olub. Hər kəsin diqqəti işğal altında olan torpaqlarımızın azad edilməsinə yönəlib. Son sutkada koronavirus infeksiyasına 191 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 41 304 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 39 012 nəfər müalicə olunaraq sağalıb, 603 nəfər vəfat edib, aktiv xəstə sayı 1 689 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 280, ötən müddət ərzində isə ümumilikdə 1 156 938 test aparılıb. Göründüyü kimi, pandemiya hələ bitməyib və ölkəmizdə hər iki “cəbhə”də mübarizə gedir. Xəstəxanalarda COVİD-19-a yoluxanların sayının yenidən artması isə müharibə şəraitində olan ölkə üçün yolverilməzdir. “Digər ölkələrdə COVİD-19 sürətlə yayılmaqdadır” Elə iki gün öncə baş nazir Əli Əsədov bu məqsədilə vətəndaşlara müraciət edib. Müraciətdə bildirilir: “Xalqımız cəbhədən gələn qələbə xəbərlərini çox böyük coşqu və fərəh hissi ilə qarşılayır, şanlı Ordumuza dəstək vermək, sevinclərini bir-biriləri ilə bölüşmək üçün insanlar bir yerə toplaşırlar. Təbii ki, bu, başadüşüləndir. Operativ Qərargah adından vətəndaşlarımıza müraciət edərək bildirirəm ki, koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi davam edir. Vətəndaşlarımız arasındakı emosional ruh yüksəkliyi təmasların artması isə müşahidə olunur ki, bu da davam edən koronavirus xəstəliyi fonunda insanların sağlamlığına böyük təhlükələr yarada bilər. Məlum olduğu kimi, Azərbaycanla qonşu olan, həmçinin dünyanın digər ölkələrində xəstəlik sürətlə yayılmaqdadır və ekspertlər bunu hətta ikinci dalğanın başlaması kimi qiymətləndirirlər. Bu, bizi daha ehtiyatlı olmağa sövq edir. İndiyədək vətəndaşlarımız xüsusi karantin qaydalarına ciddi şəkildə riayət ediblər və bunun nəticəsində xəstəlik hazırda nəzarət altındadır. İndiyə qədər pandemiya ilə mübarizədə qazandığımız nailiyyətləri itirməmək üçün karantin rejiminin qaydalarına əməl olunması zəruridir. Eyni zamanda dövlətimiz, xalqımız və milli təhlükəsizliyimiz üçün belə bir mürəkkəb dövrdə karantin qaydalarına əməl olunması virusla mübarizədən daha böyük əhəmiyyətə malikdir. Bu işdə hər bir vətəndaşımızın töhfəsi təqdirəlayiqdir. Bununla belə, xəstəliyin yayılmasına, karantin rejiminin qaydalarının pozulmasına məsul olan şəxslər və mülkiyyət formasından asılı olmayaraq müəssisə sahiblərinin nəzərinə çatdırırıq ki, karantin rejiminin tələblərinə riayət edilmədiyi hallarda aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görüləcəkdir. Bununla əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib və onlar nəzarət tədbirlərini daha sərt və ciddi şəkildə davam etdirməlidirlər. Belə bir mürəkkəb dövrdə torpaqlarımızın azad olunması uğrunda göstərdiyimiz birlik, vətəndaş həmrəyliyi və intizamın görünməz düşmən olan koronavirus xəstəliyi ilə mübarizədə də göstərilməsi olduqca vacibdir. Odur ki, hər bir vətəndaşa müraciət edərək karantin rejiminin tələblərinə daha ciddi əməl etməyə, bununla da bütün gücümüzü işğalçı düşmənlə mübarizə üçün səfərbər etməyə çağırırıq". “Məsuliyyət vətəndaşların üzərinə düşür” Fazil Mustafa “Yeni Müsavat”a danışan deputat Fazil Mustafa bildirib ki, bu məsələdə insanların üzərinə böyük öhdəlik düşür: “Hər kəs öz məsuliyyətini daşımalıdır. Burada əsas məsuliyyət vətəndaşın üzərinə düşür. Dövlətin başı müharibəyə qarışıb, xəstəxanalara yaralılar gətirilir, şəhid ailələrinin problemləri var. Bütün bunlar hamısı onu göstərir ki, vətəndaş məsuliyyətli olarsa, hər kəs özünü bu bəladan qorumağa çalışarsa, problem azalar. Burada ancaq vətəndaşların üzərinə düşən xüsusi bir tələb var ki, pandemiya dövrünün tələblərinə, qaydalarına əməl etsinlər. Ancaq bununla biz vəziyyəti yüngülləşdirə bilərik”. F.Musatafanın sözlərinə görə, hazırda ölkəmizdə karantin qaydalarına əməl edənlər də var, etməyənlər də: “Müharibə dövrünün şərtləri var, orada əsgərlərimiz döyüşür. Sən də vətəndaş olaraq arxa cəbhədə özünə aid olan kiçik bir işi gör. Başqasını yoluxdurma, özünü də xəstələndirmə. Hər kəs özünə aid olan kiçik postda fədakarlıq etsə, Azərbaycanın problemi qalmaz”. “Qalibiyyətli müharibənin sevinci COVİD təhlükəsini yaddan çıxarıb” Deputat Musa Quliyev də məsələyə münasibət bildirib: “Müharibə böyük bir problemdir, insanlarımız qalibiyyətli müharibənin sevincindən bəzən koronavirus bəlasının təhlükəsini yaddan çıxarırlar. Amma hamımız yadda saxlamalıyıq ki, müharibə, zəlzələ, hansısa fövqəladə hadisə oldusa da, bu o demək deyil ki, koronavirus qurtarıb gedib. Ümumi qaydalara biz riayət etməliyik. Qapalı məkanlarda maska taxmalıyıq, bir yerə toplaşmamalıyıq. Dezinfeksiyaedici vasitələrdən istifadə etməliyik. Sosial məsafəni qorumalıyıq. Bütün bunlar hamısı bizim həyat tərzimizə çevrilməlidir. Insanlar da bir-birilərini qorumalıdırlar. Əlbəttə, çətindir, müharibə dövrüdür, gərginliklər var. Yaralılar, şəhidlər var. Həkimlərimizin əksəriyyəti müharibəyə cəlb olunub. Bu tərəfdən də biz səhiyyə sistemimizi, özümüzü qorumadıqda sosial çətinliklər ortaya çıxa bilər. Eyni zamanda hər bir vətəndaş nəzərə almalıdır ki, payız-qış aylarında immunitet aşağı düşür. Günəşli havalar azaldıqca, yağışlı, küləkli havalar çoxaldıqca şübhəsiz ki, həm geyimimizə fikir verməliyik, həm də koronavirus və digər virus infeksiyalarından qorunmaq üçün tədbirlər görməliyik. Çünki bizim sağlamlığımız bu gün hər şeydən önəmlidir. Müharibə gedir, torpaqlarımızı azad edirik. Ona görə də biz düşünməliyik ki, sağlam olaraq işimizin başında olmalıyıq. Bununla ölkəmizə kömək etmiş olacağıq”. Musa Quliyev M.Quliyev yenidən sərt karantin rejiminin tətbiqi olunub-olunmayacağına da fikrini bildirib: “Hər şey epidemioloji şəraitdən asılıdır. Dünyada da heç kim sərt karantin rejiminin olub-olmayacağını bilmir. Bu, epidemioloji göstəricilərdən asılı olacaq. Əlbəttə, gündəlik yoluxmalar çox olsa, ola bilsin ki, sərt karantin rejiminə keçək. Amma bizim bölgələrdə müharibə vəziyyəti ilə əlaqədar hərbi vəziyyət elan olunub. Bu da əslində karantin rejiminin bir formasıdır ki, axşam saat 9-dan səhər saat 6-ya kimi gediş-gəlişə qadağa qoyulub. Bilirsiniz, artıq karantin rejimini tətbiq etsək də, etməsək də bu, insanların öz məsuliyyətindən asılı mıəsələdir. Bunun yeganə yolu odur ki, hər kəs fərdi qaydada özünü qorusun”. Fərrux Sədirov Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) cənub ərazi bölməsi üzrə koordinatoru, infeksion xəstəliklər uzmanı Fərrux Sədirov da mövzu ilə bağlı münasibət bildirib. TƏBİB nümayəndəsi insanları ehtiyatlı olmağa çağırıb: “Təbii ki, bunun üçün də xalq olduqca məsuliyyətli olmalıdır. Hər birimiz ehtiyatı əldən verməməliyik ki, indiki vaxtda problemlər yaşamayaq. Çünki döyüş şəraitində olan ölkə üçün koronavirus pandemiyasının ikinci dalğası həm iqtisadi baxımdan, həm də hərbi vəziyyəti gərginləşdirə bilər”. F.Sədirov qeyd edib ki, TƏBİB və digər qurumlar koronavirusla bağlı məsələni tam nəzarətdə saxlayırlar: “Koronavirusla mübarizə tədbirlərində heç bir axsama yoxdur. Gördüyünüz kimi, xəstəxanalarda yerlərimiz var. Belə bir fəsad gözlənilmir ki, bu gün müharibə şəraitində güc və qüvvələr döyüş bölgəsinə səfərbər olunub və koronavirus pandemiyasını yaddan çıxarıb. TƏBİB bu məsələ ilə ciddi şəkildə məşğul olur. Nəzarət mexanizmləri yenə qüvvədədir”.
“Yeni Müsavat”

Kommentare