Körpəni ana bətnində əməliyyat edən ilk və yeganə həkim: “80 faizini xilas edə bilirik...”
- Yeganə
- Feb 2, 2021
- 3 min read

"Uşağın bir hissəsini ana bətnindən çıxarılır, bərpa edilir, döl yenidən içəri yerləşdirilir və hamiləlik davam edir”
Ana bətnində olan cərrahi müdaxilələr dünyada təxminən 1950-ci illərdən başlayıb. Əvvəlcə müdaxilələr demək olar ki, kor-koranə olurdu, çünki ultrasəs cihazları o zamanlar yaxşı inkişaf etməmişdi. Bu cihazlar inkişaf etdikcə ana bətnindəki dölü daha yaxşı görmək mümkün oldu. Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ikinci mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov bu əməliyyatı ölkəmizdə edən ilk və yeganə həkimdir. Ginekoloq bildirib ki, tibbi cihazların texniki imkanları inkişaf etdikcə dölün patalogiyalarını aşkara çıxarmaq daha da əlçatan olub. “Belə olan halda əlbəttə ki, dölə müdaxilələr də artdı. Məsələn, ana bətnində dölə ilk qan 1960-cı illərdə köçürülüb, amma maraqlıdır ki, qan qarın boşluğuna köçürülmüşdü. Çünki yenə də deyirəm, imkanlar məhdud idi. Təbii ki, bunun nəticəsi də çox az faydalı olub. Daha sonra qan dölün qöbək ciyəsinin qaraciyər damarına keçən bölgəsinə, texniki imkanlar inkişaf etdikcə isə qan göbək ciyəsinin damarına köçürüldü. Bu yolla uşağa həm də döş qəfəsinə, qarın boşluğuna, sidik kisəsinə və ya böyrəyinə stendlər də qoyula bilər. Bu gün ana bətninə iynə ilə deyil, alətlə girib baxmaq, stendlər yerləşdirmək mümkündür. Daha çox inkişaf etmiş klinikalarda hətta təcrübə məqsədi ilə dölün açıq əməliyyatları icra edilir. Məsələn, uşağın bir hissəsini ana bətnindən çıxarılır, bərpa edilir, döl yenidən içəri yerləşdirilir və hamiləlik davam edir” - deyə ginekoloq bildirib. Turab Canbaxışov ana bətnində ilk əməliyyatını 2006-cı ildə müəllimlərinin köməyi ilə etdiyini bildirib. “2005-ci ildə Tibb Universitetini bitirib, Türkiyənin Dokuz Eylül Universitetinə Mama-ginekologiya kafedrasında rezidenturaya qəbul olmuşam. Rezidentliyimi bitirdikdən sonra kafedrada qalıb müəllim və elmi işçi olaraq fəaliyyətimə davam etmişəm. 2006-cı ildən 2014-cü ilə qədər ana bətnində əməliyyatları hələ ki, Türkiyədə həyata keçirirdim. 2008-ci ildə bu əməliyyatları sərbəst şəkildə etməyə başladım. 2014-cü ildə isə bu sahədə ilk addımlarımızı öz vətənimizdə atmağa başladım. Bu günə qədər ana bətnində mindən çox cərrahi müdaxilələr etmişik. Bu müdaxilələrin ən həcmli olan ana bətnindəki dölə qan köçürmək və ya hansısa patologiyaya görə stend taxmaqdır. Bu əməliyyatları dölü xilas etmək üçün yeganə bir çıxış yolu olduğu üçün icra edirik və təxminən körpələrin 80 faizini xilas edə bilirk. Çox təəssüflər olsun ki, dünya statistikasına da uyğun olaraq əməliyyat etdiyimiz körpələrin 20 faizini xilas etmək mümkün olmur. Amma biz Azərbaycanda bu müdaxilələri icra etmədən öncə xilas olunan körpələr 80 faiz deyil, təəssüf ki, 0 faiz idi. Bu çox böyük bir nailiyyətdir. Olub ki, uşağa qan köçürmüşük, yaxşı olub, ikinci dəfə qan köçürən zaman uşaq tələf olub. Əməliyyatlardan öncə hər şey ailəyə, valideynlərə izah olunur, onlar tərəfindən bu əməliyyatlara razılıq alınır. Yəni 20 faizlik bir təhlükəmiz var. Biz toxunmasaq onsuz da bu uşaqlar ölürlər, amma bizim müdaxiləmiz ilə 80 faizini xilas etmə şansımız olur. Əlavə də qeyd etmək istəyərdim ki, əməliyyat məqsədi ilə deyil, sadəcə diaqnozu qoymaq məqsədi ilə də kiçik bir müdaxilələrimiz olur. Genetik diaqnoz üçün döl yani mayedən nümunə alırıq, bunlar təhlükəsizdir və riski 1 faizdən daha az təşkil edir. Ana bətnindəki əməliyyatlara başladığımız ilk vaxtlarda, ailələrə izah etmək çox çətin idi, amma indi insanlar bu haqda daha çox məlumatlıdır və körpəni xilas etməyin məhz bu yolla olacağını rahatlıqla qəbul edirlər. Təşkil etdiyimiz konfransalarda, mətbuatda, öz şəxsi sosial hesablarımızda bu mövzularla əlaqəli danışmağa və xalqımızı maarifləndirməyə yenə də davam edirik. Ana bətnində əməliyyat olunan hər bir körpə sabahın sağlam doğulan bir övladıdır. Bu tibbin uğuru, bir ailənin isə sevincidir” deyə o bildirib. Turab Canbaxışov hamilələrin peyvənd olunub-olunmamağı haqda da danışıb. “Hamımız bilirik ki, COVİD-19 hamilələrə də digər insanlar kimi eyni şəkildə təsir edir və öz fəsadlarını göstərir. Ona görə də hamilələr daha dözümlü yaxud dözümsüzdür məsələsi yoxdur. Onlara virusun düşmə ehtimalı normal xanımlarla eynidir və əgər onlar virusa yoluxarlarsa bu dəfə onlarda vaxtından əvvəl doğuş və ya dölün orqan inkişafına mənfi təsir edə bilər. Peyvəndləmə böyük bir nailiyyətdir, amma hamilələr üçün onun da görünməyən, yəni araşdırılmayan tərəfləri var. Siz bilirsiz ki, məcburi peyvənd olunacaq insanlar 3 qrupa ayrılıblar. Birinci qrupdakılar birbaşa tibb sektorunda çalışanlar, sərhədçilər, gömrük işçiləri, polislər, hava limanında çalışanlar, bir sözlə xalqla birbaşa təmasda olan və ictimai işlərdə çalışanlar daxildir. Hələ ki, hamilələr heç bir kateqoriyaya daxil deyillər. Təbii ki, həkim deyillərsə. Əgər hamilə xanım həkim peşəsində çalışırsa ona məcburi peyvənd vurulmalıdır, yaxud riskli əlavə bir xəstəliyi də varsa. Digər hallarda hələ ki hamilələr arasında peyvəndləmə istəyə bağlı qalır. Amma yenə də deyirəm, bu peyvəndin dölə necə təsir edəcəyi hələ ki, bəlli deyil. Bildiyimiz məlumat odur ki, bu peyvəndin eyni hazırlanma xüsusiyyətinə uyğun başqa viruslar üçün olan peyvəndlər mövcuddur və rahatlıqla hamilələrdə istifadə edilir. COVİD-19 virusuna qarşı hazırlanan peyvəndlərin hamilələrə olan mənfi təsiri hələ ki araşdırılır və bu araşdırılmalar bitdikdən sonra nəticələr sübutlu şəkildə bəlli olar və rahatlıqla istifadə edilə bilər. Uşağa süd verən xanımlar çox rahatlıqla vaksin oluna bilərlər. Hətta uşağına süd verəndən sonra müəyyən fasilə etməyinə də ehtiyac yoxdur, necə normal şəkildə süd verirdisə yenidən süd verməyinə davam edə bilər” - deyə Turab Canbaxışov bildirib.

Comments