top of page

Kür quruyur - Həyəcan təbili niyə çalınmır? - QORXUNC SƏBƏBLƏR

  • Yeganə
  • Feb 18, 2021
  • 4 min read

Azərbaycan su qıtlığı ilə bağlı çox ciddi problemlərlə üz-üzədir. Hazırda ölkənin arterial damarı olan Kür çayında suyun səviyyəsi kəskin şəkildə aşağı düşüb. Bu son on illiklərdə təsadüf olunan nadir hadisədir. Azərbaycan müxtəlif və mürəkkəb relyefə malik olan əsasən dağlıq ölkədir. Burada yüksək dağ silsilələri ilə yanaşı düzənliklər, ovalıqlar və çökəkliklər mövcuddur. Ərazinin mütləq yüksəkliyi 4480 metr (Bazardüzü zirvəsi, Böyük Qafqaz) və mənfi 27 metr (Xəzər dənizinin hazırkı səviyyəsi) arasında dəyişir, orta yüksəkliyi isə 657 metrdir. Azərbaycanda dörd təbii vilayət ayırd edilir: Böyük Qafqaz, Kiçik Qafqaz (Naxçıvan MR-nin ərazisi daxil olmaqla), Lənkəran və Kür-Araz ovalığı.

  • Yer kürəsində mövcud olan 11 iqlim tipindən 8-i Azərbaycanda müşahidə olunur. Hətta yarımsəhra və quru çöllər iqlimindən dağ tundra iqliminə kimi. Havanın orta illik temperaturu dağ və dağətəyi zonalarda 9-100, düzənlik zonalarda 14-15oC təşkil edir. Çox təəssüf ki, ölkəmizdə yağıntılar ərazidə qeyri-bərabər paylanılıb. Məsələn, ən çox yağıntı cənub zonasına düşür.

Belə ki, Lənkəran təbii vilayətində ildə 1600-1800 millimetr yağıntı düşür. Və bu yağıntı suları bir başa Xəzər dənizinə axır. Coğrafi relyefin mürəkkəbliyinə görə bura düşən yağıntıdan digər regionların suya olan ehtiyacını ödəmək hələ ki, mümkün deyil. Bu gün ölkə əhalisinin demək olar ki, yarısının cəmləşdiyi Abşeron regionunda isə ildə 200-350 millimetr yağıntı düşür. Bu da Lənkəran zonasına düşən illik yağıntı normasından 8-9 dəfə azdır. Azərbaycan çaylarının su ehtiyatları yerli və tranzit çayların hesabına formalaşır. Yerli çaylar bütövlükdə Respublika ərazisində formalaşır və onlar bütünlüklə onun ərazisindən axır. Tranzit çayların əsas axımı Respublika ərazisindən kənarda, xarici ölkələrdə formalaşır. Respublikada 21 tranzit çay mövcuddur və onlarin əksəriyyəti Kür və Araz çaylarının hövzələrinə aiddir. Kür və Arazın hövzələri müvafiq olaraq dörd və beş ölkənin ərazisində yerləşir. Kür çayı hövzəsinin (Araz çayı istisna olmaqla) su ehtiyatı 86 min kvadratmetr su toplayıcı sahəsindən 16-17,8 kubmetr, qonşu ölkələrdən daxil olan axım 11,7-12,7 kubmetrdir. Bu da çaydakı suyun 70-71 faizini təşkil edir. Araz çayı hövzəsinin su ehtiyatı 102 min kvadratmetr su toplayıcı sahəsindən 9,10-9,30 kubmetrə bərabərdir. Qonşu ölkələrdən daxil olan axım 7,70-8,10 kubmetr və ya cəmi su axının 85-87 faizidir. Yerli axım isə cəmi 1,04-1,40 kubmetr və yaxud 13-15 faizdir. Göründüyü kimi, Azərbaycan ərazisində su çatışmazlığı problemi var. Amma bu məsələ heç zaman ətraflı öyrənilib, çıxış yolları göstərilməyib. Çox təəssüf ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Milli Elmlər Akademiyasının müvafiq institutları xalqın başının altına yastıq qoymaqla məşğuldur. “Azərbaycanın su ehtiyatları məhduddur. Qonşu ölkələrlə müqayisədə vahid əraziyə və bir adama düşən xüsusi çəki müvafiq olaraq Gürcüstandan 7,7 və 8,3, Ermənistandan isə 2,2 və 1,7 dəfə azdır. Amma bu, qorxu, vahimə yaratmamalıdır (!). Azərbaycanın su ehtiyatları kifayətdir. Amma onun istifadə olunmasında düzgün siyasətin aparılmasına ehtiyac var”. Bunu AMEA-nın Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov deyir. Onun fikrincə, “Azərbaycanın su ehtiyatlarının qiymətləndirilməsi üçün proqram hazırlanmalıdır (!). Bunun üzərində alimlər tərəfindən ciddi iş aparılmalıdır (!)”. Bəs, nə zaman ay Ramiz müəllim? On illiklər boyu rəhbərlik etdiyiniz institut niyə həyəcan təbili çalmayıb? Niyə qonşu binada oturan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinə demirsiniz ki, “qardaşlar, hərəkətə keçmək vaxtıdır. Əks təqdirdə ölkəni, xüsusilə də kənd təsərrüfatını ciddi problemlər gözləyəcək”. Görürsünüz ki, bu nazirlik daha çox “pakazuxa” ilə məşğuldur. Ölkənin qlobal problemi olan ekoloji tarazlığın bərpası ilə deyil, əsasən bio-müxtəlifliyin artırılması ilə məşğuldur. Nədi, nədi qoy desinlər ki, o heyvandan, o quşdan bizdə də var. Axı, Siz həm də ziyalı və vətəndaşsınız, ay Ramiz müəllim. Muxtar Babayev 3 ildir ki, Ekologiya və Təbii Sərvətlər naziridir. Amma bu 3 ildə onun bir dənə də olsun konseptual, elmi əsaslandırmaya söykənən bir dənə də olsun təklifini görməmişik. Nazir təyin olunduğu ilk gündən onun ilk işi havaya daha çox tüstü buraxan restoranlarla “mübarizə” oldu. Hə, bir də polietilen torbaların dövriyyədən çıxarılması ilə bağlı təklifi oldu. O da təklif olaraq qaldı. İndi də deyir ki, “köhnə avtomobilləri dövriyyədən çıxaraq”. Amma Kür qurudu, Araz batdı, xalq təsərrüfatı susuzluqdan məhv oldu… bunlar Nazirliyi qətiyyən narahat etmir. Narahat etsəydi, ən azından onlayn formatda bir tədbir keçirərdi. Keçirmir, ona görə ki, onda vətəndaş yanğısı və vəzifə məsuliyyəti zəifdir. Amma qışın oğlan çağında Kür quruyur. Nəzərə alaq ki, insanın həyat və fəaliyyəti suyun istifadəsindən, bölünməsi və mühafizəsindən asılıdır. Qafqazın ən böyük çayı Araz qolu ilə birlikdə Kür çayıdır. Bu çayların ümumi resursu saniyədə 26 kubkilometrdir. Onun da 23 kubkilometri insan resursları tərəfindən istifadə olunur. Kür və Araz çaylarının mənbələri Türkiyədə yerləşir. Kür çayı hövzəsinin 52 faizindən çoxu Azərbaycan, qalan hissəsi qonşu dövlətlərin ərazisindən keçir. Ümumilkdə respublikamızın su ehtiyatlarımızın 70 faizi ölkə sərhədlərindən kənardakı mənbələrdə formalaşır. Son vaxtlar Kürdə suyun səviyyəsi 60 santimetr aşağı düşüb. Hazırda isə Kürdə saniyədə 300-320 kubmetr su sərfi axır. Əlbəttə, bu, onu göstərir ki, həyəcan təbili çalmağın vaxtıdır. Yağıntıların azalması, Kürə gələn çayları formalaşdıran bulaqların quruması, çayın keçdiyi ölkələrin suyun anbarlara toplanması, yəni burada həm təbii, həm antropogen faktorların təsiri var. Lakin antropogen təsirlərin payının hədsiz çox olduğu bəllidir. Bu, qlobal və lokal ekoloji problemlərlə bağlıdır. Kür ölkəmizin ana arteriyasıdır, həm suvarma, həm içməli su ilə bağlı böyük su təchizatı mənbəyidir. Əgər çayda suyun azalması davam etsə, bu, təkcə ekoloji yox, həm də çox ciddi sosial və iqtisadi problemlərə səbəb olacaq. Problemin bir səbəbi ölkəmizdə düzgün ekoloji siyasətin aparılmamasıdırsa, digər səbəbi, qonşu dövlətlərin respublikamıza qarşı həyata keçirdiyi ekoloji terrordur. Bu barədə növbəti yazımızda.\KONKRET.az

Comments


bottom of page