Martın 15-dən Azərbaycanda ənənəvi dərslərin bərpa edilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
- Yeganə
- Jan 11, 2021
- 1 min read

Azərbaycanda gündəlik yoluxma sayı digər günlərə nisbətən 3-4 dəfə azalıb. Belə ki, yanvarın 10-da 601 yeni yoluxma faktı qeydə alınıb, 1593 nəfər müalicə olunaraq sağalıb. Son sutkada 19 nəfər COVID-19-dan vəfat edib. Gündəlik yoluxanların sayında azalma martın ikinci yarısında universitetlərdə təhsilin ənənəvi qaydada bərpa edilmə ehtimalını ortaya çıxarır. Martın 15-dən sonra məktəblərdə ənənəvi təhsilin bərpası mümkündürmü?
Bununla bağlı danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, təhsil prosesinin birdən-birə bərpası gözlənilmir:
"Düzdür, ölkəmizdə uzun müddətdir ki, karantin rejimidir. Bu da ciddi şəkildə yoluxmaların artmasının qarşısını alır. Son günlərdə yoluxanların sayında xeyli azalma var. İnsanlar pandemiya dövründə davranış qaydalarına əməl edirlər. Bugünkü yoluxmaların sayı onu deməyə əsas verir ki, mart ayının ikinci yarısından sonra ənənəvi təhsilin bərpası gözləniləndir.
Hətta beynəlxalq təşkilatlar təhsil sisteminin bu qədər uzun müddətdə bağlı qalmasına müsbət yanaşmır və tövsiyə olunur ki, tədris prosesi mütləq şəkildə bərpa edilməlidir. Çünki bu, daha ciddi fəsadlara gətirib çıxara bilər. Gündəlik yoluxanların sayının mart ayının ikinci yarısına qədər daha da azalması gözlənilir. Nəzərə alsaq ki, 50-yə yaxın ölkədə vaksinasiya başlayıb. Yaxın günlərdə ölkəmizdə də başlanılması gözlənilir. Əlbəttə, bütün bu proseslər ənənəvi təhsilin bərpasına ümid yaradır. Ən ciddi məsələ tədris bərpa edildikdən sonra qaydalara əməl edilməsidir".
Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Cəsarət Valehov, martın 15-dən ənənəvi qaydada dərslərin bərpa ediləcəyi ilə bağlı səsləndirilən fikirlərin əsassız olduğunu vurğulayıb:
"Gün ərzində yüzlərlə qeyri-rəsmi məlumatlar çıxır. Əgər bununla bağlı qərar olarsa, Təhsil Nazirliyi ilk olaraq özü bu barədə məlumat yayacaq. Hazırda bununla bağlı heç bir rəsmi qərar yoxdur".
Comments