Millimiz Monteneqro ilə qolsuz heç-heçə etdi
- Yeganə
- Nov 15, 2020
- 1 min read

Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
Canni De Byazinin baş məşqçi olduğu komanda qrup mərhələsinin V turunda Monteneqronu qəbul edib.
Ölkədəki hərbi vəziyyətlə əlaqədar Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda baş tutan görüş qolsuz heç-heçə ilə başa çatıb.
Oyuna daha fəal başlayan qonaqlar 15-ci dəqiqədə Stefan Yovetiçin zərbəsi ilə hesabı açmağa yaxın olub. Amma Şahruddin Məhəmmədəliyev buna imkan verməyib. 4 dəqiqə sonra Abbas Hüseynovun hava ötürməsini Mahir Emreli başla qapıya göndərsə də, Milan Miyatoviç zərbənin qarşısını alıb. 39-cu dəqiqədə Yovetiçin vurduğu top qapıdan aralı keçib. İlk hissənin əsas vaxtına əlavə olunmuş sonuncu – 2-ci dəqiqədə rəqib azlıqda qalıb. İqor İvanoviç 2-ci sarı vərəqəni alaraq, meydandan qovulub. Komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.
İkinci hissə Azərbaycan millisinin hücumları ilə başlayıb. Fasilədən sonra meydana daxil olan Amin Seydiyev 50-ci dəqiqədə yaxşı fürsət əldə etsə də, dəyərləndirə bilməyib. 8 dəqiqə sonra Qara Qarayevin zərbəsində dəqiqlik çatmayıb. 70-ci dəqiqədə rəqibin heyətində ən təhlükəli futbolçu olan Yovetiçin təqribən 45-50 metrlik məsafədən vurduğu zərbə qapı tirinə dəyib. Ardınca İqor Vuyaçiçin zərbəsi zamanı Məhəmmədliyev inamlı oynayıb. 85-ci dəqiqədə əsas millidə debüt edən Xəyal Nəcəfovun zərbəsini rəqib qapıçı çətinliklə çıxarıb.
Bu nəticədən sonra xallarını 5-ə çatdıran Azərbaycan millisi 3-cü pillədəki yerini qoruyub. Beləlikl, yığma qrup qalibi olmaq şansını əldən verib. Monteneqro isə bərabərliyə baxmayaraq, 10 xalla liderliyə yüksəlib. Çünki qrupun digər oyununda Lüksemburq səfərdə Kiprə 2:1 hesbı ilə uduzub.
Gununsesi.info
Comments