Millət vəkilinin təəccüblü münasibəti: “Kiçik ərazi” nə deməkdir?
- Yeganə
- Mar 25, 2021
- 3 min read

Millət vəkili Qüdrət Həsənquliyevin bu gün bəzi müxaliflərin Qarabağla bağlı iddialarına cavabı özündə əks etdirən müsahibəsi yayılıb. Müsahibə özlüyündə normaldır və əsasən, müsahib nə demək istədiyini izah etməyi bacarıb. Normal olmayan Qüdrət bəyin keçmiş Dağlıq Qarabağın hazırda rus sülhməramlılarının nəzarətində olan hissəsi ilə bağlı ölkədən kənarda olan müxaliflərin iddialarına verdiyi cavabda işlətdiyi bir cümlədir. Milli Şuranı təmsil edən bəziləri bir müddətdir sosial şəbəkələrdə guya keçmiş Dağlıq Qarabağ ərazisini Rusiyanın işğal edəcəyi və yaxud hansısa formada öz nəzarətinə keçirmək istəyi, buna görə orda məskunlaşan erməni əhaliyə rus pasportlarının paylandığını iddia edirlər. Qüdrət Həsənquliyev isə bu barədə heç bir faktın olmadığını haqlı olaraq bildirir. Ancaq “əlavə etdiyi” məqam çox təhlükəlidir: “Düşünmürəm ki, kiçik bir əraziyə görə Rusiya Türkiyə və Azərbaycanla əlaqələrini korlasın, bizi də Ukrayna, Gürcüstan və Moldova kimi özünə düşmən etsin”. Millət vəkilinin “kiçik bir ərazi” sözü ilə ifadə etdiyi və əsaslandırmağa çalışdığı məqam narahatlıq doğurmaya bilməz. Əvvəla, kiçik ərazi – hazırda rus sülhməramlılarının nəzarəti altında olan torpaqlarımızın sahəsi 3 min kv/km-dan az deyil. Bu isə təxminən Cənubi Osetiyadan bir az balacadır, Osetiyanın əhalisi ilə Qarabağa köçürülən erməni əhalisi isə eynidir. İkincisi, Rusiyanın “kiçik bir əraziyə görə” kimisə özünə düşmən etməyəcəyini düşünmək çox sadəlövh yanaşmadır. Rusiya dünyanın ərazi baxımından ən böyük ölkəsi olsa (17.075.400 kv/km) da, gözü hər zaman qonşularının torpağındadır və hər vəchlə “kiçik ərazi” də olsa, qoparmağa çalışır. Rusiya slavyan qardaşı Ukrayna ilə müharibəyə Krım “böyük ərazi” (26,860 kv/km) olduğunamı görə girdi və hazırda da müharibə şəraitindədir? Yoxsa Dnestryanının (təxminən 4,2 min kv/km) “böyük torpaqlarına” görə savaşdadır? Yaxud Yaponiyanın haqqı olan Kuril adalarının hətta 4-nü belə niyə geri qaytarmır? Rusiya – nəhəng və 21-ci əsrdə belə işğal həyata keçirən yeganə imperiyadır. Bu ölkə üçün bir metr torpaq istilası belə önəmlidir. Millət vəkili Qüdrət Həsənquliyevin “Rusiya buna getməz” məntiqi doğrudur. Ən azı ona görə ki, keçmiş Dağlıq Qarabağın nə Ermənistan, nə də Rusiya ilə heç bir sərhədi yoxdur, əks halda, Rusiyanın “kiçik ərazi”yə görə nələr etdiyindən sadəcə, şoka düşmək lazım gələrdi. Digər tərəfdən, Krım, Dnestryanı, Donbas, Cənubi Osetiya və Abxaziyadan düz Kurilə qədər Rusiyanın işğal siyasətinin nəticəsində onu əhatə edən dövlətlərlə münasibətləri həddən artıq gərgindir və Qərbin ağır sanksiyaları altındadır. Bu məqamda həmsərhəd olmadığı daha bir ərazinin – Dağlıq Qarabağın işğalı cəhdi hazırda ciddi faydalar götürdüyü Türkiyə kimi böyük NATO ölkəsinin də düşmənə çevrilməsinə səbəb ola bilər ki, bu da Rusiya üçün sonun başlanğıcı deməkdir. Hələ Azərbaycanın da düşmənə çevrilməsinin cənub kommunikasiyasında nə qədər ciddi problemlər yaradacağını demirik. Bu, “anklavı” kimi baxdığı Ermənistanla əlaqələri də zəiflədər, halbuki Zəngəzur dəhlizi ilə Rusiyanın marağı həm də Ermənistanla quru əlaqəsi əldə etməkdir. Üstəlik, İranla quru əlaqələrini də tamam bağlayar. Q.Həsənquliyev və yaxud məsələyə “kiçik ərazi” məntiqi ilə yanaşılmasının zərərinin digər tərəfi Vətən anlayışının qavqanılmamasındadır. Vətən anlayışı ortaya gələndə “kiçik”, “orta” və yaxud “böyük” torpaq olmur: Vətənin bir metri də böyükdür və dünyanın elə bir dövləti yoxdur ki, ərazisindəki bircə metrlik torpağını “mənasız” deyib, güzəştə getsin və yaxud, bir kvadratmetrlik ərazini işğal üçün min hoqqadan çıxmasın. Azərbaycan üçün Qarabağın hər qarışı əzizdir, doğmadır və böyükdür, hazırda rus sülhməramlılarının nəzarətində olan hissə isə daha əzizdir, çünki ən böyük arzumuza – Şuşaya çatdıq, indi diqqətimiz digər şəhərimizdədir. Ona görə Xankəndi və Xocalı sosial şəbəkələrdə bu qədər çox hallanır. “Kiçik ərazi” ifadəsi kökündən yanlışdır, həm Rusiyanın siyasəti baxımından, həm də Vətən anlayışına görə. Ümid edirik, Q.Həsənquliyev ifadəsinin yanlış anlaşılmaması üçün növbəti açıqlama verəcək... Millət vəkilinin təəccüblü münasibəti: “Kiçik ərazi” nə deməkdir?

Comments