top of page

"Müharibənin içində insanlığı itirməmək bir insan üçün ən böyük uğurdur." - Taleh Yüzbəyov

  • Yeganə
  • Nov 3, 2020
  • 3 min read



Tanınmış aktyor və videobloger Taleh Yüzbəyov facebook hesabında Vətən müharibəsi barədə maraqlı və düşündürücü paylaşımı ilə diqqət çəkmişdir.

Paylaşımı Sizin diqqətinizə çatdırırıq:

- Çox qarışıq günlər yaşayırıq. Bir tərəfdən sevincli, çünki torpaqlarımızı azad etməyə başlamışıq. Bir tərəfdən kədərli, çünki şəhid veririk. Müharibə bir yandan qələbə və sevincdirsə, bir yandan da itki və göz yaşıdır. Biz 30 il müharibə istəməmişik, 30 il danışıqlar aparmışıq. Düşmən isə elə bilib ki, belə də olmalıdır. Və həmişə də belə olacaq.

Müharibə insanın eləyə biləcəyi ən mundar işdir. Müharibə insan xislətinin vəhşiliyinə enişdir. Ona görə sülh istəyən insanları söymək lazım deyil. Əgər o insan səmimidirsə. Əgər sülh istəyəndə öz mənafeyini güdmürsə. Əgər buna görə kimlərdənsə heç nə almağı ummursa. İndiki anda sülh istəmək cəsarət tələb edən bir şeydir. Ona görə sülh istəyən adamları təhqir eləmək lazım deyil. Kimlərsə sülhü də öz tərbiyəsinə və intellektinə görə loban kimi tələb edirsə, bu onun öz problemidir. Belə adamları ciddiyə almağa dəyməz. Biz reaksiya verdikcə onlar var. Bəlkə də “diqqət fahişəliyi”-ndən əziyyət çəkirlər. Sülhü səmimi istəyən insanlar insan faktorunu ən önə qoyanlardır. Sadəcə başa düşsünlər ki, müharibə istəyənlər də bunu öz kefindən istəməyiblər.

Bu müharibə bizim seçimimiz deyildi. Biz heç kəsin torpağını zəbt eləməmişik. Biz heç kəsi öldürüb, əsir götürüb, yaşadığı yerlərdən qovmamışıq. İndi də olmasa idi bu müharibə nə vaxtsa yenə başlayacaqdı. Çünki düşmənin hələ Naxçıvan iddiası da var. Düşmənin dənizdən dənizə arzusu var. Onların qurduğu müdafiəyə baxanda görürsən ki, aldıqları yerləri də nə vaxtsa qaytarmaq fikrində olmayıblar. Bu müharibə indi başlamasaydı da, bizim övladlarımızın vaxtında başlayacaqdı yəqin.

İndi bu qədər insanın könüllü olaraq cəbhəyə getməsi də elə belə deyil. Biz xalq olaraq məğlub olmaqdan bezdik. Biz bununla yaşamaq istəmədik. Bəlkə də tariximzdə ilk dəfə belə həmrəy olduq. Biz onları 1905-dən, 1918-dən sonra bağışladıq. Amma 1992-dən sonra bağışlamaq istəmədik. Niyə bir əsrdə 3 dəfə bizə hücum edib, əlisilahsız adamları öldürənlərə qarşı vuruşmamalıyıq? Niyə hər dəfə bağışlayan tərəf biz olaq ki?! Kimlərsə bunu başa düşmürsə yəqin əzikdir və həmin adamın özündən başqa müqəddəs heç nəyi yoxdur. Ya da özünü gicliyə qoyub. Vətən bir çox insan üçünsə dəyərdir, sadəcə torpaq yox. Biz bu müharibədə haqq tərəfik. Həm mənəvi, həm beynəlxalq hüquq baxımından. Və indi evimizə qayıdırıq.

Müharibə uzandıqca dəhşətli səhnələr çoxalır. Amma bu günlərdə bir erməni əsirinin əhvalatı mənə toxundu. Deyir: “Mən yaralı idim, tez telefonumu qırdım ki, birdən evdəkilərə ölümümdən sonra zəng edərlər. Avtomatı qapıya tərəf tuşlamışam, bizi mühasirəyə alan Azərbaycan əsgərinə dedim ki, səndən bir xahişim var. Bizi öldürəndən sonra meyidimizi evə göndərin, anamız basdıra bilsin. O əsgər də mənə dedi ki, biz sizi öldürmək istəmirik, mən ona dedim ki, inanmıram. Onda Azərbaycan əsgəri silahsız və bronojiletsiz içəri daxil oldu. Mənim silahım ona tuşlanmışdı. O dedi ki, görürsən mən sənə inanıram. Sən də mənə inan. Və məni öldürmədilər”. Müharibənin içində insanlığı itirməmək bir insan üçün ən böyük uğurdur. Azərbaycan əsgəri buna qadirdir. Biz uşaq öldürmədik, qadın zorlamadıq bu müharibədə. Əgər belə bir hal olsaydı bütün dünyaya car çəkərdilər. Azərbaycan əsgərinə həmişə belə təmkinli olmağı arzulayıram.

Ermənilərin hamısı qaniçən deyil. Bir xalqın hamısı cani ola bilməz. İndiki halda bir çoxumuz hiddətlənib, onları ümumiləşdiririk. Çünki yaralarımız təzədir. Çünki gözümüzün qarşısında dinc əhalimiz ölür. Onlardan isə adekvat adama demək olar ki, rast gəlmirik. Heç bir erməni qrupunun küçələrə çıxıb, öz dövlətindən uşaq ölümlərinə son qoymağə tələb etdiklərini görmürük. Nə Ermənistanda, nə dünyada. Ancaq çıxıb Artsax qışqırırlar. İnanmaq istəyirəm ki, onların da arasında haqqı deyən insanlar var. Bəlkə də qorxularından səs çıxartmırlar. Amma əgər yoxdursa vay o xalqın halına. Bu xəstə təfəkkürlə məğlubiyyət qaçılmazdır. Bu təfəkkürlə hələ çox itirəcəklər. "Biz ermənilərin kökünü kəsməliyik!" sözü düzgün deyil. Amma mən ermənilərlə dost da olmaq istəmirəm. Mən tarixboyu olanlardan sonra onlarla ümumi nəyiminsə olmağını istəmirəm. Gələcəkdə ermənilərlə birgə yaşamağın qərarını isə sırf gərək Qarabağda yaşayan insanlar versinlər. Bu insanların vaxtı ilə ermənilərin elədiyi kimi referemdum haqqı olmalıdır. İndi isə bu haqda danışmaq tezdir. Zaman hər şeyi öz yerinə qoyacaq.

Arzum budur ki, müharibə tez bitsin. Biz torpaqlarımızı qaytaraq, əsgərlərmiz, zabitlərimiz sağ-salamat evlərinə qayıtsınlar. Bir də heç vaxt düşmən cəsarət eləyib, bizə hücum eləyə bilməsin. Öz torpaqlarımızda yaşayaq və yaradaq. Topraqları işğal altında olmayan bir Azərbaycanda ömür sürək.

コメント


bottom of page