“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
- Yeganə
- Mar 18, 2021
- 3 min read

Həm cəmiyyətin müxtəlif təbəqələri, həm də ictimai-siyasi xadimlər tərəfindən ölkə parlamentinin həyata keçirilən islahatlara yetəri qədər dəstək verə bilməməsi, insanların gözləntilərini tam ifadə etməməsi haqda fikirlər səsləndirilir. Belə olan halda isə parlamentin yenidən buraxılması və təkrar seçkilərlə tərkibinin yenidən formalaşdırılması məsələsi gündəmə gəlir. Mövzunun aktuallığını nəzərə alaraq Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədlinin fikirlərini öyrənib: – Ölkə rəhbəri tərəfindən Azərbaycanda müxtəlif sahələrdə islahatlar həyata keçirilir. Bu islahatların ayrı-ayrı dövlət qurumları tərəfindən dəstəklənməsi çox mühüm amildir. Necə düşünürsünüz, qanunverici orqan olan parlament özünü bu istiqamətdə doğrulda və ölkədə həyata keçirilən siyasi islahatları dəstəkləyə bilirmi? – Parlamentin istənilən məsələdə özünü doğruldub-doğrultmadığına qiymət verməzdən əvvəl biz gərək bir məsələyə aydınlıq gətirək: parlamentdən kim nəyi gözləyir? Burada “Kim” və “Nəyi” sualları ayrı-ayrılıqda da, birlikdə də analiz edilməlidir. Ancaq məsələnin demək olar ki, eyni siyasi qüvvənin, yəni YAP-ın nəzarətində olduğunu bildiyimiz üçün elə də dərin politoloji analizlərə getməyin bir mənası yoxdur. YAP rəhbərliyi özünün çoxluqda olduğu parlamentdən nə qədər dəstək istəyirsə, elə o qədərini alır. Deməli, parlament çoxluğu özünü rəhbərlərinin gözündə doğruldur. Lakin xalqımızın böyük əksəriyyəti parlamentdən islahatlara umduğu dəstəyin verilmədiyi qənaətindədir. Bu mənada, parlament xalqın gözündə özünü doğrultmur. Burda incə bir məsələ var: belə olan halda səbəbkar kimdir, parlamentin YAP-çı üzvləri və onların peykləri olan bitərəflər, yoxsa həmin çoxluğun mənsub olduğu partiyanın rəhbərliyi? Əslində cavab veriləcək sual budur. – Ümumiyyətlə parlamentin buraxılması və yenidən seçkilərin keçirilməsi məsələsini necə dəyərləndirirsiniz? İndiki şəraitdə buna ehtiyac varmı? – Əvvəlki buraxılma kimi və yenidən seçkiyə bənzər şəkildə olacaqsa, xalqı boşuna ümidləndirib xəyalları ilə oynamasınlar, məncə. Yox, əgər həqiqətən yeni və yenilənmiş parlament istəyirlərsə, o zaman seçkidən əvvəl görülməsi gərəkən bir xeyli məsələ var. “Partiyalar haqqında” Qanunun liberallaşması, partiyaların qeydiyyata alınmasındakı çətinliklərin ləğvi, partiyaların milli televiziya şəbəkəsinə rahat şəkildə çıxışının təmini, parlamentin proporsional formada təşkilinin qanunla təmin edilməsi – bunlar kimi onlarla məsələ həll olunmalıdır ki, axırda da doğru dürüst bir seçki keçirilsin və kimin xalqın içində nə qədər dəyəri, ağırlığı var, ortaya çıxsın. Burada bir məsələni də deyim ki, indiki halda xam şəkildə yeni seçkilərə getmək boşuna olacaq, çünki müxalifət partiyaları da buna hazır deyil. Müxalif qüvvələr arasında Etimad Platformasının qurulması mümkün olandan sonra, həm paytaxtda, həm də regionlarda seçkilərə hazırlaşmaq olar. Məsələ bundadır ki, islahat ancaq dövlət qurumlarında, hökumətdə, iqtidar partiyasında getməli deyil, o həm də müxalif siyasi və ictimai qüvvələrin də arasında getməlidir. – Milli Məclisə seçkilərdə namizəd olmusunuz. Parlamentin hazırkı tərkibi sizi tam olaraq qane edirmi? – Yox, nə əvvəlki, nə də hazırkı tərkibi məni qane edir. Bunun bir neçə səbəbi var. Parlamentin formalaşdırılması majoritar üsulla olduğu üçün siyasi iradədən tamamilə uzaq insanlarla doludur. İcra orqanlarının qarşısında demək olar ki, heç bir iradə və dirayət göstərə bilməyən bu millət vəkillərindən əslində daha çox şey gözləmək də doğru olmaz. Lakin əsas səbəb bu deyil. Biz baxıb görürük ki, parlamentin indiki tərkibindən heç xalq da, seçicilər də razı deyillər. Onlar razı deyillərsə, biz necə razı ola bilərik. Bilirsinizmi, axı bir parlamentin tərkibi sadəcə üzvlərin siyasi, cinsi, peşə və sair mənsubiyyəti ilə ölçülmür, həm də onların oturduqları kresloların haqqını verməklə, qanunverici orqanın üzvü adına layiq çalışmaları ilə, ən əsası isə alınan qərarların istiqamətindəki rolları ilə ölçülür. Əgər “mənə siyasi suallar verməyin, mən siyasətdən uzaq insanam” deyən məclis üzvləri rahat şəkildə yerlərində qalırlarsa, deməli burada həm onların, həm də onları orada saxlayanların “əməyi” var. Bu da o deməkdir ki, problemlər fərdi və individual xarakterli deyil, sistemlə əlaqədardır. – Siyasi partiyaların işğaldan azad edilən ərazilərimizə səfərinin təşkili ilə bağlı təklif səsləndirmisiniz. Lakin siyasi partiyaların Ağdama səfəri gerçəkləşdirilsə də, siyahıda təklifi səsləndirən şəxs kimi sizin adınız yer almadı. Bunu nə ilə əlaqələndirirsiniz və məsələyə münasibətiniz necədir? – Əslində bu sualı mən yox, səfəri düzənləyənlər cavablasaydı, yaxşı olardı. Bizə məlum deyil siyasi partiyalar hansı kriteriyalarla səfərə dəvət olunub. Yəqin ki, siz də, biz də bunu yaxın zamanda öyrənəcəyik. Bu mənada müəyyən bir münasibətimiz yoxdur. Əslində, biz təklifimizi səsləndirəndə demişdik ki, bütün siyasi qüvvələri dəvət etsinlər. İstisna ancaq qanunla fəaliyyətinə qadağa gətirilmiş qüvvələr ola bilər. Ancaq indi görürük ki, tam bizim arzuladığımız kimi olmadı. Lakin səsləndirdiyimiz təklifə operativ şəkildə reaksiya verilməsi və səfərin təşkil olunması özlüyündə müsbət hadisədir. Azərbaycansayağı da olsa, hansısa bir dialoqun olması heç olmamasından daha yaxşıdır. Biz əvvəl də, indi də təklif edirik ki, belə tədbirlər təkəm-seyrək olmasın, sistemli, mütəmadi və daimi xarakterli olsun. Ayrıca, həmin ərazilərdən olan partiya rəhbərləri, çox sayda ictimai-siyasi lider var, onların da digər ərazilərə səfəri təşkil oluna bilər. Yəni, istər iqtidar-müxalifət, İstərsə də müxalifət daxilində etimad və əməkdaşlıq körpüləri inşa edilməlidir ki, inamsızlıq, şübhə və neqativ münasibət uçurumu ortadan götürülsün. Bu, bizim tələbimiz deyil, xalqımızın tələbidir.
Comentarios