top of page

XALQIMIZIN FACİƏSİ ÜZƏRİNDƏN QAZANILAN MİLYONLAR - Azərbaycanda "dərman mafiyası" koronavirusu...

  • Yeganə
  • Dec 19, 2020
  • 5 min read


Azərbaycanda Covid-19 pandemiyası sürətlə yayılmaqdadır. Ötən aylarla müqayisədə son günlər ölüm faizi bir neçə dəfə yüksəlib. Həmçinin, yoluxma sayı da günbəgün çoxalmaqda davam edir. Odur ki, hökumət vəziyyətdən çıxış yolu kimi, qadağaları sərtləşdirməyə və cərimələri bir necə dəfə artırmağa üstünlük verdi. Yeri gəlmişkən, dünən də Milli Məclisdə maska taxmayanlarla bağlı cərimələr “epidemiya əleyhinə qaydaları pozanlara qarşı tədbirlər” qismində 2 dəfə artırıldı. Lakin çox təəssüf ki, cərimələr dəfələrlə artırılsa da, bu, ciddi effekt vermir. Çünki maska taxmaq insan orqanizminə immunitet qazandırmır. Ölkədə əhalinin sağlamlığı baxımından hökumət müəyyən qrup vətəndaşa 190 manat vermək xaricində heç bir tədbirlər paketi ortaya qoymadı və hansısa sosial tədbirlər həyata keçirilmədi. Sanki hökumət insanların sağlamlığının qorunmasında və koronavirus epidemiyasının öhdəsindən gəlinməsində maraqlı deyil… Biz istər sosial şəbəkələrdə, istərsə də mətbuatda koronavirusa yoluxan insanların çarəsiz durumunun, onların ailə üzvlərinin TƏBİB-ə, Səhiyyə Naziriyinə acizanə müraciətlərinin şahidi olmaqdayıq. Və çox təəssüf ki, bu xoşagəlməz tendensiya artmaqdadır. Məsələn, dekabrın 16-da jurnalist Elçin Aslangil Facebook səhifəsində anasının Covid-19-a yolxduğunu bildirən post paylaşdı: “Anamın vəziyyəti olduqca pisdir. Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin katibinə zəng edirəm, telefonu açmır. Anam virusdan ölüm ayağındadı, ay Səhiyyə Nazirliyi. Mən özüm cəhənnəm, əgər ona bir şey olsa, ömrümün sonuna qədər iki əlim yaxanızda olacaq. Bütün qabiliyyətimlə, bütün gücümlə, şəxsiyyətimlə hər daim qarşınızda olacam. Sonsuza qədər!!!”. Ardınca dekabrın 17-də Ucar rayon xəstəxanasının baş həkiminin laqeydliyindən şikayətləndi. Əlbəttə, bu, sadəcə bir misaldır. Hamıya məlum olduğu kimi, koronavirusa yoluxan vətəndaşların müalicəsi dövlət tərəfindən təşkil olunmalıdır. Amma əksər məmurlar özlərini “vətəndaşın xidmətçisi” kimi yox, məhz “dövlətin sahibi” kimi apardıqlarından, insanların fəryadlarına laqeyd yanaşır, müraciətləri qulaqardına vururlar. Əvvəl özlərini “xan” kimi aparan “kiçik padşahlar” – icra hakimləri hələ də daşıdıqları vəzifənin məqsədini anlamayıblar, əksinə onların sıralarına koronavirus xəstələrini incidən, insanları get-gələ salan, dövlətin məhz bu xəstələr üçün ayırdığı vəsatləri “sabun köpüyü” kimi yoxa çıxardan başqaları da əlavə olunub. Söhbət TƏBİB-dən gedir. Baxmayaraq ki, koronavirus xəstələrinə dövlət tərəfindən dərman paketləri pulsuz paylanmalıdır, lakin TƏBİB tərəfindən paylanılmalı olan dərmanların satışa çıxarılması haqda sosial şəbəkələrdə məlumatlar, fotolar yayılmaqdadır. Bunlar yetmirmiş kimi, ölkədə dərmanların qiyməti “işıq sürəti” ilə artmaqda və “od qiymətinə” satılmaqdadır. Bir neçə ay əvvəl 20-25 manata olan dərmanlar bu gün 50-100 manata satılmaqdadır. Covid-19-un müalicəsi üçün nəzərdə tutulmuş digər preparatların da daxil olduğu dərman paketi 1000-1500 manata başa gəlməkdədir. Bu miqdar isə vətəndaşların böyük əksəriyyətinin maddi imkanı xaricindədir. Bu səbəbdən effektiv müalicə kursu onlar üçün əlçatmaz qalır. Beləliklə, adı TƏBİB olan qurum, eləcə də Səhiyyə Nazirliyi sanki insanları ölümə tərk etmək vəzifəsini icra edirlər. Dövlət maddi durumu zəif olan insanların müalicəsini üzərinə götürməli, onları ən azından dərmanla təmin etməlidir. TƏBİB-in açıqlamasına görə, bu dərmanlar rayonlarda yaşayan koronavirus xəstələrinə verilir, amma faktlardan görünür ki, bu fəaliyyət sözdədir. Daha bir acınacaqlı durum ondan ibarətdir ki, koronavirus xəstələrinin müalicə müəssisələrinə yerləşdirilməsi də ya tanışlıq, ya xəstəxananın rəhbərliyi ilə əlaqələr, ya “yuxarıdan tapşırıq”la və s. imtiyazlar nəticəsində baş tutur. Bir sözlə, ölkəmizdə Covid-19 xəstələrinə qarşı da biabırçı ikili standartlar mövcuddur: pulu, maddi imkanı olmayanlar “yer yoxdur” bəhanəsi ilə bir çox hallarda xəstəxanalara buraxılmır. Əldə etdiyimiz dəqiq faktlar var ki, ağır vəziyyətdə olan vətəndaş xəstəxanada yatmaq üçün 2500-3000 manat rüşvət ödəməıyə məcbur olub. Hətta elə vətəndaşlar var ki, bir neçə dəfə artıq ödəniş edəndən sonra ona bu imkan verilib. Belə vəziyyətdə ortaya çıxan mənzərə onu deməyə imkan verir ki, Covid-19 pandemiyası ancaq “dərman mafiyası”nın işinə yarayır. Nəzərə alsaq ki, ölkədə gün ərzində 4 mindən çox yoluxma faktı var, hər bir xəstəsinin müalicə xərci 1000-1500 manata başa gəlir, o zaman “dərman mafiyası”nın əlində hansı fantastik məbləğlərin toplandığını təsəvvür etmək çətin deyil. Yeri gəlmişkən, dünən deputat Musa Qasımlının “koronavirus testləri ilə bağlı monopoliyanı aradan qaldırmaq lazımdır” açıqlamsı da ümumi mənzərəni ortaya qoyur. Deputatın sözlərindən aydın olur ki, ölkəmizdə hətta Covid-19 testlərinin verilməsi belə monopoliyaya alınıb və bu analizlər cəmi bir neçə klinikada verilir. Görəsən niyə? Güman ki, analiz götürmək icazəsi olan klinikalar “dərman mafiyası” ilə ortaq çalışırlar, insanların canı, ölümü üzərindən milyonlarla “çirkli pullar” qazanırlar. Məsələn, gün ərzində yoluxma sayı 4000-4500 nəfər olarsa və bir analizin qiyməti ortalama 90 manatdırsa, bu qazancın miqyasını özünüz təyin edin. Üstəlik, test götürülən vətəndaşların sayı həmin rəqəmdən bir neçə dəfə çoxdur… Bəli, inkişaf etmiş ölkələrdə hazırkı pandemiya sürəcində vətəndaşın qayğısına dövlət qaldığı halda, çox təəssüf ki, Azərbaycanda “köhnə zehniyyət” vətəndaşların faciəsi, ölümü üzərindən də milyonlar qazanır. Müqayisə üçün uzağa getmək lazım deyil, qardaş Türkiyəyə nəzər yetirsək, kifayətdir. Bir çox ölkədə insanlar virusu müalicə etmək üçün minlərlə dollar xərcləyirlər, hələ pandemiya təzə başlayanda Türkiyə diaqnoz qoyulmamış xəstələr üçün testlərin pulsuz olacağını elan etdi. Bununla yanaşı, hökümət, Covid-19 üçün antikor testinin qiymətinin dövlət tərəfindən ödəniləcəyini bildirdi. Bu testlərə antigen, PCR və dövlət izolyasiya testi, immun plazma müalicəsinə daxil olan “viral inaktivasiya” prosesi pulsuz olaraq dövlət hesabına idi. Beləliklə, koronavirus epidemiyası ilə gündəlik həyata ilk dəfə daxil olan bütün testlər və prosedurlar diaqnoz qoyulmayan xəstələr üçün Sosial Müdafiə Təşkilatı (SGK) tərəfindən əhatə olundu. Prezident R.T.Ərdoğanın qərarı ilə, 1 mart tarixindən etibarən Covid-19 diaqnozu qoyulanların testi ilə yanaşı, müalicə xərcləri də dövlət tərəfindən ödənilir. SGK koronavirus epidemiyası ilə mübarizə prosesindəki son gəlişmələri nəzərə alaraq, “Sağlamlıq tədbirləri bəyannaməsin”ndə xüsusi tənzimləmələr etdi. SGK-nin yeni 157 səhifəlik bildirişi ilə, 4 döş xərçəngi, 2 hematoloji xərçəng, 4 MS və 1 löseminin müalicəsində istifadə ediləcək 11 dərman geri ödəmə siyahısına daxil edildi. Beləliklə, geri qaytarılmış dərman sayı 8 min 603-ə yüksəldi. Yeni tənzimləmədən, ikisi xərçəng olan 3 yeni dərman, 370 dərmanın da daxil olduğu xarici dərman qiymət siyahısına əlavə edildi və xəstələrin istifadəsinə verildi. Xəstəxanalar tərəfindən təqdim edilə bilən Covid-19 diaqnostik testləri və səhiyyə təminatçıları tərəfindən göstərilən səhiyyə xidmətləri, əlavə bildirişdə izah edilir. İmmunitet plazma müalicəsində, plazma tərkibindəki infeksiyaları aradan qaldıraraq müalicənin müvəffəq olmasına kömək edən “viral inaktivasiya” prosesi pulsuz xidmət siyahısındadır. Türkiyə Səhiyyə Nazirliyi, koronavirus xəstələrinin sağlamlığını müşahidə etmək və nəzarət üçün “Covid-19 İzləmə Mərkəzləri” açmağa başladı. Ankara və Eskişehirdə pilot layihələrə başlayan mərkəzlərin qısa müddətdə 24 vilayətdəki 30 sağlamlıq bölgəsində, daha sonra ölkənin hər yerində yayılması hədəflənir. Nazirliyin son açıqlamasına görə, mərkəzlərdə Covid-19 olan xəstələr ən az 2 il təqib ediləcək və sağlamlıq problemləri olarsa erkən müdaxilə ediləcək. Eyni zamanda, bu xəstəlik üçün səhiyyə xidmətlərinin keyfiyyətini artırmaq üçün müəyyənləşdirilmiş yeni siyasətlər üzərində işlər aparılacaq. Mərkəzlərdə elmi tədqiqatlara əsaslanan yeni metodlar da inkişaf etdiriləcək. Mərkəzlər könüllü əsaslarla dəvət ilə çalışır. Covid-19 olan vətəndaşlar çağırılır, mərkəzə dəvət olunur və müayinə təyin olunur. Şəxsin sağlamlıq vəziyyəti qiymətləndirilir və zəruri hallarda müvafiq profilaktik tədbirlər görülməsi üçün yönəldilir. Beləliklə, Covid-19-un uzunmüddətli təsirləri yaxından izlənilir və sağlamlıq problemlərinin qarşısı alınır. Mərkəzlərdə edilən müalicə üçün heç bir ödəniş yoxdur. 1 dekabrda Ankara Yıldırım Beyazıt Universiteti Dışkapı Təhsil və Araşdırma Xəstəxanasında, 8 dekabrda Eskişehir Şəhər Xəstəxanasında xəstə qəbuluna başlanıldı. Türkiyənin Səhiyyə nazirliyindən başqa Ailə, Məşğulluq və Sosial Xidmətlər naziri Zəhra Zümrüd Selçuk da koronavirusla mübarizə sferasında bir çox tədbirlər aldıqlarını vurğulayıb. Baxın, dövlət budur, dövlətin vətəndaşı sahiblənməsi budur. Keçək yenə baş səhiyyəçimizin xaraba qoyduğu ölkəyə. Ən azı statsitik araşdırma aparsaq görərik ki, mart ayından etibarən bəzi dərmanların qiyməti 10 dəfə qalxıb. Covid-19 dərmanları da bu qəbildəndir. Buna qarşı ciddi tədbir görülməli, dərman mafiyasının başında duranlar ortaya çıxarılaraq ifşa edilməlidir. Qadağaların sərtləşdirilməsinə gəldikdə, onlar vətəndaşlara qarşı deyil, “qaniçən”, “ölüm saçan” məmurlara qarşı tətbiq olunmalıdır. Bu gün cərimələri artırmaqla vətəndaşın problemini həll etmək mümkün deyil. Əskinə, bu, insanların əlində olan 5-3 manatı da cərimlərə yolu il mənimsəməklə, onları tamamilə müflis hala salıb, birmənalı ölümə tərk etməkdir. Ümumiyyətlə, Azərbaycandakı mövcud durumdan xəbərsiz olan Oqtay Şirəliyev nə vaxta qədər bu vəzifədə qalacaq? Yoxsa səhiyyənin də normallaşmasını, təmizlənməsini hərbi –müdafiə sahəsinin təmizlənməsini gözlədiyimiz kimi -25 il gözləməliyik? Bu məsələ də “Nəcməddin Sadıkov və bandasının” qovulmasına dönəcək? İş yerlərinin azaldığı, iqtisadi durumun pisləşdiyi bir dönəmdə əhalinin kasıb təbəqəsi sağ qalmaq, ölməmək üçün od qiymətinə olan dərmanları hansı pulla alsın? Bu “dərman mafiyası”nın rəzil maraqları dövlətin məhəng daşını təşkil edən xalqın mənafeyindən üstündürmü? İnsanları kütləvi şəkildə ölümə tərk etmək, nə deməkdir? Türk törəsində dövlət “dövlət baba” mənasını ehtiva edir. Bəs, bizdə həqiqətənmi dövlət vətəndaşların “babası” rolunu oynayır?!\

Hurriyyet.org

コメント


bottom of page