top of page

ZƏFƏR YÜRÜŞÜNÜN "GÖRÜNMƏYƏN" QƏHRƏMANLARI

  • Yeganə
  • Oct 23, 2020
  • 3 min read

Updated: Oct 25, 2020


Müharibənin iki cəbhəsi var – ön və arxa cəbhə. Ön cəbhə ilə arxa cəbhəni ayıran, həm də birləşdirən bir zona var ki, buna da cəbhəyanı zona deyirlər. Bu zona müharibə gedən ərazilərə yaxın, həm də bitişik olduğu üçün orada yaşayan insanlar hər biri bir əsgərə, qəhrəmana çevrilir. Müharibədə uğur əldə etmək, zəfər çalmaq üçün ön və arxa cəbhənin bir-birilə əlaqəsi mütləqdir. Cəbhəyanı rayonlar tez-tez mənfur düşmənin raket və artilleriya zərbələrinə məruz qalır. Bu rayonlara Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Goranboy, Daşkəsən və s. daxildir. Tərtər ən çox zərər çəkən, atəşə məruz qalan, tələfata, dağıntılara uğrayan rayon siyahısında birincidir. Bu günə kimi Tərtərə 13 minədək mərmi atılıb. Xəsarət alanlar da var, yaralanan da var, təəssüfər olsun ki, həyatını itirəhlər də var. Bütün bunlara baxmayaraq Tərtər və digər cəbhəyanı rayonların heç birinin əhalisi evlərini tərk etməyib, qorxu hissi yoxdur, əksinə, hər kəs öz işi ilə məşğuldur. Müharibə başlayandan ilk gündən sakinlərlə yanaşı rayon rəhbərliyi, icra strukturları da iş başındadırlar, fəaliyyətlərini davam etdirirlər. Gərgin iş rejiminə keçən yerli icra orqanları bir nəfər kimi gecə-gündüz çalışırlar. İcra Başçısı Müstəqim Məmmədov bütün heyətlə ön və arxa cəbhə üçün çox vacib və operativ görülməli işlərin yerinə yetirlməsində fədakarlıq göstərirlər. Yerli əhali ilə söhbətlər, təbliğat-təşviqat işləri aparmaq, onları ərzaqla, dərmanlarla təmin etmək ümdə məsələlərdir. Bu işlərdə onlara Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin idarə heyətinin həmin bölgələrə ezam olunmuş üzvləri kömək edir. Cəbhəyanı bölgələrə ezam olunmuş Qarabağ əlilləri Elnur Quliyev, Hafiz Həmidov, Azad Ramazanov, Hüseyn Allahverdiyev, QƏQİB-in Bərdə rayon filialının sədri Asif Əsədov, müavinləri Elman Balakişiyev, Qüdrət Şirinov və bütün idarə heyəti həm arxa, həm ön cəbhə üçün əllərindən gələni edirlər. Rayon rəhbərliyi və qazilər sakinlərlə vətənpərvərlik mövzusunda söhbətlər aparır, düşmənin artilleriya və raket zərbələrindən qorxmamağa, panikaya düşməməyə çağırır və onlarda ruh yüksəkliyi, qələbəyə inam hissi oyadırlar. Tək, yaşlı, kimsəsiz qocalara, xəstə adamlara, əsgər ailələrinə, imkansız ailələrə baş çəkib, onlarla söhbətlər edib, yardımlar aparmaq da görülən işlərin bir hissəsidir. Şəhid ailələrini ziyarət etmək, onların yanında olmaq, təsəlli vermək, başlarını uca tutmaları üçün söhbətlər aparmaq isə hər iki tərəfin mənəvi borcudur.

Onlar ön cəbhəyə getməyə hazırlaşan gənc əsgərlərlə görüşərək, onlara vətənpərvərlik, mərdlik mövzularında söhbətlər edir, 1-ci Qarabağ müharibəsi döyüşçüləri kimi öz göstərdikləri qəhrəmanlıqlardan danışır, onların döyüş ruhunu, qələbə əzmini artırırlar. Döyüş bölgəsində vuruşan əsgər və zabitlərimizə ərzaq və gündəlik vacib olan ləvazimatların çatdırılmasında da qazilərimiz yaxından fəallıq göstərirlər. Tərtər rayonunun İcra aparatının işçi heyəti və qazilər yardımların paylanması, yaralılara baş çəkilməsi,şəhidlərin dəfninin təşkili və dəfn edilməsində də birgə iştirak edirlər. Onlar tez-tez xəstəxanalara gedir, yaralılara baş çəkir, çatışmayan tibb ləvazimatı, yaxud dərman preparatları olarsa, öz vəsaitləri hesabına təcili surətdə tapıb həkimlərə çatdırırlar. Keçmiş döyüşçülər qanvermə aksiyası təşkil edib, özləri bu aksiyada qanlarını əsirgəməyiblər. Müharibənin ilk günlərindən İcra Başçısı Müstəqim Məmmədov və aparatın işçi heyətilə çiyin-çiyinə fəallıq göstərən bu insanların üzərinə daha bir mühüm iş düşür – şəhidlərin dəfn olunması. Tərtərdə dəfn mərasimində düşmənin atdığı mərmi 4 nəfər yerli sakinin ölümünə, 3-ününsə yaralanmasına səbəb olmuşdu. Buna görə dinc əhalinin həyatını qorumaq məqsədilə dəfn mərasimlərini İcra Hakimiyyəti və Qarabağ qaziləri öz üzərinə götürmüşdür. Müharibə itkisiz olmur, şəhid də olur, yaralı da. Tərtər də döyüşlərdə şəhidlərini verir. Şəhidlərin dəfninin təşkili, güllərin, əklillərin, bayraqların alınıb, şəhidin layiqincə dəfn olunması üçün həyatlarının təhlükədə olduğunu bilə-bilə İcra Başçısının müavini Abbas Cavadov, rayonun axundu Sadiq Cəfərov, Tərtər rayon Əfqanıstan Müharibəsi Birliyinin sədri Mətləb Əliyev, Qarabağ qazisi Vidadi Məmmədov, Qarabağ müharibəsi veteranı Cavanşir İsmayılov və Qarabağ Əlillərinə Qayğı İB-nin ezam olunmuş qaziləri bu missiyanı da yerinə yetirirlər. Ümumiyyətlə, bölgəyə ezam olunmuş döyüşçülərimizin danışdıqlarından belə məlum olur ki, Tərtər rayonunun müdafiəsi üçün İcra Hakimiyyəti öz üzərinə düşən bütün işləri çox yüksək səviyyədə və hərtərəfli təşkil etmişdir. 1-ci Qarabağ müharibəsində sağlamlıqlarını itirmələrinə baxmayaraq, döyüşçülər təmas xəttinə yaxın bölgələrdə aktivlik göstərərək, ön cəbhəyə gedəcəkləri günü səbirsizliklə gözləyirlər. Çünki Qarabağ Əlillərinə Qayğı İB-nin sədri Firidun Məmmədov başda olmaqla, bütün üzvlər könüllü kimi qeydiyyatdan keçiblər. Onlar bir nəfər kimi vətənin harayına yetməyə həmişə hazırdırlar. Biz inanırıq ki, zəfər yürüşümüz qələbə ilə başa çatacaq və bayraqlarımız bütün azad olmuş torpaqlarımıza sancılacaq. Bundan sonra dövlətimiz, xalqımız bütün cəbhəyanı bölgələrin, o cümlədən Tərtər camaatını müharibə zamanı göstərdiyi şücaətlərə görə qiymətləndirib, layiq olduğu adı verəcək. Düşmənin etdiyi vəhşiliklərə rəğmən qətiyyət, mətanət, dözümlülük, dayanıqlıq göstərdiklərinə və qəhrəmancasına vuruşduqlarına görə gələcəkdə Tərtərə “Qəhrəman şəhər” statusu verilərsə, hər bir kəsin ürəyincə olar.

P.S. Qarabağ Əlillərinə Qayğı İB-nin Bərdə rayon filialının sədri Asif Əsədov və onun idarə heyətinin fədakarlıqlarından bəhs edən materialımızı yaxın günlərdə təqdim edəcəyik. XURAMAN ETİBARLI





Comments


bottom of page