“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?”
- Yeganə
- Mar 3, 2021
- 3 min read

Ötən il Novruz bayramı günü narkotik daşımaqda şübhəli bilinən və saxlanılarkən "dayan!" əmrinə tabe olmadıqları üçün biri sinəsindən, digəri ayağından güllələnən Rüfət Zaitov və İsmayıl İsmayılovun cinayət işi üzrə istintaq yekunlaşıb, iş məhkəməyə göndərilib. Martın 5-də prosesin ilkin hazırlıq iclası nəzərdə tutulur. Lakin adıçəkilən şəxslərin vəkilləri məhkəməyə müraciət edərək işdə xeyli pozuntuların olduğunu iddia edib, cinayət işinin prokurora qaytarılmasını və işi aparan müstəntiqlərin cəzalandırılmasını istəyiblər.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bununla bağlı Rüfət Zaitovun vəkili Vasif İsrafilov və İsmayıl İsmayılovun vəkili Nəriman Əliyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Cəlil Nəbiyevə vəsatət ünvanlayıb.
Vəsatətdə qeyd edilib ki, ötən il martın 21-də bayram tədbirində eyni əsaslarla, oxşar süjet xətti ilə 7 əməliyyat keçirilib.
İttihama görə, R.Zaitov və İ.İsmayılov martın 21-i gecə saat 01:30 radələrində Cəlilabad rayonu, Qarazəncir kəndi ərazisində yolun kənarında yerləşən “131” lövhəsinin yanında yerdən narkotik vasitəni götürərkən polis və prokurorluq orqanları əməkdaşları birgə əməliyyat keçiriblər. Həmin zaman adıçəkilən şəxslər polis serjantı İlkin Həsənovun onlara dayanması barədə verdiyi əmrinə tabe olmayaraq maşına doğru qaçıblar, bu zaman İ.Həsənov havaya bir atəş açıb və daha sonra R.Zaitovu ayağından güllələyib, maşına tərəf açılan atəşdən bir güllə də sükan arxasında olan İ.İsmayılovun sinəsinə tuş gəlib. Daha sonra onlar əks yola çıxaraq Bakı istiqamətində hərəkət ediblər. Təxminən 1 saat sonra hər iki şəxs yaralı halda, Ələt postunda saxlanılıb və maşında heroin və metanfitamin aşkarlanıb. Eyni zamanda, atışmanın baş verdiyi yerdən də narkotik vasitə tapılıb.
Vəkillər isə vəsatətlərində bu ittihamın saxta olduğunu bildiriblər. Onlar əks arqumentlərlə izah edirlər ki, hadisə yerindən 4 giliz tapılıb. Ekspertiza rəyi ilə müəyyən edilib ki, avtomobilə 3, Rüfətin ayağına bir güllə dəyib. Buradan aydın görünür ki, İlkin Həsənov xəbərdarlıq atəşi açmayıb.
Hadisədən bir neçə saat sonra müstəntiq Zöhrab Verdiyev tərəfindən tərtib edilmiş baxış protokolundan hadisə yerindən heç nə tapılmadığı qeyd edilib. Bundan 5-6 saat sonra isə hadisə yerindən 2 kilo narkotik vasitə aşkar edilib. Vəkillər iddia edirlər ki, sonradan kolun dibindən tapılan narkotik cinayət işinin Cəlilabad polisi tərəfindən aparılmasını təmin etmək üçün ortaya atılıb. Çünki əks halda, cinayətin bitdiyi yer olaraq, işə Qaradağ polisində baxılmalı idi.
V.İsrafilov və N.Əliyev hakimlərə müraciətində sual edirlər ki, təqsirləndirilən şəxslər tutulacaqlarını, izləndiklərini bilə-bilə, narkotik vasitəni gizlətmək və ya tullamaq imkanları olduğu halda, qan içində, yaralı halda, avtomobilin ön şüşəsində güllə deşiyi aşkar göründüyü halda karantin postuna avtomobildə 3225 qram narkotik vasitə ilə gedərdilərmi?
İddiaya əsasən, onlar karantin postunda saxlanıldıqdan sonra növbəti 3 saat ərzində avtomobil polislərdə qalıb, ondan sonra maşına baxış keçirilən zaman oradan heroin aşkar edilib.
Vəsatətdə qeyd edilir ki, Rüfət Zaitov milliyyətcə tatardır və təhsilini rusca alıb, Azərbaycan dilində çox pis bilir: “Buna baxmayaraq Rüfət Zaitova tərcüməçi təyin edilməyib”.
Təqsirləndirilən şəxslərə istintaqın ilkin mərhələsində narkotik daşımaqdan başqa polis əməkdaşlarına müqavimət göstərmək maddəsi ilə də ittiham irəli sürülüb. Bu barədə DİN və Baş prokurorluğun birgə açıqlamasında da qeyd edilib.
Vəsatətdə qeyd edilir ki, istintaq gedişində həmin maddəyə xitam verilib: “Müəyyən olunub ki, təqsirləndirilən şəxslər müqavimət göstərməyib, buna görə də CM-in 315-ci maddəsinə münasibətdə işə xitam verilib. Rüfətin İlkin Həsənova müqavimət göstərməsi, həmin vaxtı da narkotik vasitənin bir hissəsinin yerə düşürülməsi ilə bağlı hissədə onun yalan danışması ifşa olunub.
Digər təqsirləndirilən İsmayıl İsmayılovla görüş zamanı bildirib ki, o, sinəsindən güllə yarası aldığı üçün hadisə vaxtı çoxlu qan itirib, martın 26-na kimi özündə olmayıb, ona vurulmuş narkozun təsirində olub. Lakin xəstəxana işçiləri sonradan ona deyiblər ki, bir dəfə müstəntiq gəlib, ona nəyəsə imza atdırıb, gedib.
Yuxarıda göstərdiyimiz halların aşkar görülməsinə baxmayaraq Cəlilabad Prokurorluğu da Cəlilabad RPŞ-nin əməkdaşlarının əməllərinə göz yumub, saxta ittihamı müdafiə edib.
Cinayət işinin ibtidai istintaqının yekunlaşması barədə biz vəkillərə rəsmi qaydada məlumat verilməyib, 2 və 3 saylı Vəkil Bürolarına Cəlilabad RPİ və Prokurorluğundan hər hansı bir məktub daxil olmayıb, iş saxtakarlıqlara yol verilməklə məhkəməyə göndərilib”.
Vəkillər Vasif İsrafilov və Nəriman Əliyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Cəlil Nəbiyevə müraciət edərək xahiş ediblər ki, cinayət işinin baxılmasına xitam verilməsi və prokurora qaytarılması barədə qərar qəbul edilsin. Həmçinin, hazırkı iş üzrə xüsusi qərar çıxarılsın.
Onların vəsatətinə məhkəmədə baxılaraq qərar veriləcək.
Qeyd edək ki, R.Zaitov və İ.İsmayılov Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilir.
Comentarios