top of page

Vəkil axtarıramSizi deyib gəlmişəm. .. Allah sənə rəhmət eləsin, Mirzə Cəlil!

  • Yeganə
  • Mar 19, 2021
  • 2 min read



Sizi deyib, gəlmişəm, ey mənim yappərəst, dempərəst, bi(tərəf)pərəst bütpərəst müsəlman -xristian deputat (bacı-) qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, hələ bir kərə də olsun deputat səlahiyyətlərindən yararlanıb icra və məhkəmə hakimiyyətinə sorğu vermək diləyimi eşitməyiblər. Amma mən də sözümü, şikayətimi, diləyimi o kəslərə , o millət vəkillərinə deyirəm ki, məni eşitmək istəmirlər. Odur ki, qulağınız məndə olsun, sizi deyib gəlmişəm!

Bir də o deputatları deyib gəlmişəm ki, deputatlıq səlahiyyətlərini köməkçilərinə tapşırıb, öz “kruq”undan- dairəsindən, tayfasından, yar -yoldaşından olmayan seçicilərin “sınıq barmağına əlac etmək”dən imtina edirlər. Vallah, mən “ Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” 17.05.1996 -cı il tarixli 73-IQ saylı qanunu əlavə və dəyişikliklərlə birlikdə axıracan oxumuşam, amma seçicilərin, millətin vəkillər arasında “mənim -sənin” bölgüsü haqqında maddəyə rast gəlməmişəm. Hələ axtarışlarım davam edir, bəlkə deputatlarlmızın bəslədikləri “dəvə(quşuları)nin quyruğu yerə dəyəndə” tapdım. Elə öz deputatımın özünü də neçə ildir “İnterpol”un yerli bürosunun axtarışına versəm də, hələ də tapa bilməmişəm. Qorx(m)uram, deputatım özü məni yerli polisin axtarışına versin. Noolar, vəkilimi axtarırdım, vəkilim məni (polislə də olsa) tapardı. Elə polis bölməsində vəkilimə “BOMJ” , yəni daimi yaşayış yeri olmayan seçici olduğumu bildirib , 12 ildir Xətai məhkəməsinin əmlak, 10 ildir Bakı Apellyasiya Məhkəməsinin qanpulu, 5 ildir Bakı İnzibati Məhkəməsinin mənzil ilə təminat haqqında aktlarının icrası üçün “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 20-ci maddəsi əsasında icra və məhkəmə hakimiyyəti orqanlarına ( MƏHKƏMƏ ORQANLARININ KONKRET İŞLƏRLƏ BAĞLI FƏALİYYƏTLƏRİNƏ MÜDAXİLƏ ETMƏK ŞƏRTİ İLƏ ) , prokurorluq orqanlarına müraciət etmək səlahiyyətindən yararlanmasını diləyərdim. Nə yazıq, hələ də “gizlənpaç” oynayırıq, bir-birimizi tapa bilmirik. Sizi deyib gəlmişəm, ay mənim “doğma” , “kruq”-dairə” deputatım! Xahiş edirəm, gizləndiyiniz yerdən çıxasınız ki, sizi tapa bilim, dərdimi deyim. Dərd də ki, bir deyil, iki deyil. Füzuli babamız demiş, dərd çox həmdərd yox. Dərd çox, dinləməyə, çözməyə deputat yox.

Bilirəm, yenə mənim sözümü eşitməyib gizləndiyiniz yerdən çıxmayacaqsınız, deputatlıq səlahiyyətlərinizi qohum-qardaşlarınızın, yar-yoldaşlarınızın adına mal-mülk almaqda , striptiz-bar, mandat lombardında girov qoyacaqsınız, amma mən də sözümü o kəslərə deyirəm ki, məni eşitmək istəmirlər. Odur ki, nəbadə eşidəsiniz , qulağınız məndə olsun, sizi deyib gəlmişəm!

Məğrur Bədəlsoy

Comentarios


bottom of page