Şəhid adın mübarək, İsmayıl!
- xuramanhamidova
- Oct 30, 2020
- 2 min read

Onlar döyüşə gedəndə bir fikir dolaşırdı beyinlərində: Vətəni qorumaq! Elə bu istəklə də vuruşdular, şəhid olanlar da oldu, qazi olanda, veteran adı alanlar da. 1-ci Qarabağ müharibəsinin iştirakçıları olmuş bu vətənpərvər oğullarin taleyində 2-ci Qarabağ savaşını görmək də varmış.
Keçmiş döyüşçülərin hər biri bir əfsanə, bir canlı arxivdirlər. Onlar keçdikləri döyüş yollarından, döyüşçü yoldaşlarından danışdıqca, söhbətlərini dinləyən hər bir kəsdə qürur hissi ilə yanaşı qisas hissi də yaranırdı. Elə bu söhbətləri dinləyə-dinləyə böyüyən, içində qisas hissi ilə alışıb-yanan bir igid də var idi.
Qubanın Yerfi kəndindən olan Fazil Məmmədov 1-ci Qarabağ müharibəsi veteranıdır. 2 oğul, 1 qız atasıdır. Övladlarından ən kiçiyi 2001-ci il təvəllüdlü İsmayıl kollecdə təhsil alırdı. Çağırış vaxtı çatanda təhsilini yarımçıq qoyub hərbi xidmətə yola düşdü.
Təhsilini başa vur, sonra gedərsən desələr də, heç kimi dinləmədi, öz sözünü dedi: “Mən erməni öldürməyə gedirəm, atamın və bütün şəhidlərin qisasını alacağam!” 1 illik xidmətində hamının hörmətini qazanmışdı. İsmayıl Vətən savaşının ilk günündən Tərtər istiqamətində gedən döyüşlərdə igidliklə vuruşaraq, Suqovuşan uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı.
Məni heyrətləndirən məqam o oldu ki, İsmaiyıl xidmət etdiyi zona cəbhə zonasından uzaq idi, şəhid olduğu günə qədər ailəsinə yerimdəyəm, yaxşıyam deyirdi. Özü vətən üçün döyüşən Fazil kişi əlbəttə oğluna getmə deməzdi, lakin İsmayıl anasının, bacısının onun üçün narahat olmalarını istəmədiyinə görə son günə kimi yerini demədi.
Veteran atanın şəhid balası haqqında danışarkən necə kövrəldiyini hiss etdim. İsmayılın başqa xarakterli övlad olduğunu deyirdi. Ürəyiyumşaq, tərbiyəli, səxavətli olan ismayıl düşmənə qarşı çox amansız idi. Bu cür xarakter ancaq gendən gələ bilər.
Övladı haqqında keçmiş zamanda danışmaq nə qədər çətin olduğunu anlayıram. Sənin oğlun həqiqətən ölməyib, Fazil kişi, İsmayıl, eləcə də bütün şəhidlər hamımızın qəlbinə köçüblər, cismən torpağa qovuşsalar da, ürəklərimiz bundan sonra onlar üçün döyünəcək.
Çünki hər bir Azərbaycan əsgəri qürur yerimiz, iftixar mənbəyimizdir. İstər şəhid olsun, istər qazi, istər veteran, biz onlarla fəxr edirik və edəcəyik. Bizə yaşatdığınız fərəhlərə, sevinclərə görə sizlərə borcluyuq və minnətdarıq. Ruhunuz şad olsun. Şəhid adın mübarək, İsmayıl!
XURAMAN ETİBARLI
Comentarios